Apellyasiya Məhkəməsi “Meydan” TV-nin jurnalistlərini həbsdə saxlayıb

 

Cümə günü Bakı Apellyasiya Məhkəməsində “Meydan” TV jurnalistlərinin həbsindən şikayətlərə baxılıb.

Belə ki, jurnalist Xəyalə Ağayevanın vəkili Nazim Musayev məhkəmədən həbs qərarının ləğv edilməsini və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib. Ağayevanın “qaçaqmalçılıqda” əli olmasına dair heç bir ilkin sübut yoxdur.

Vəkil istintaqın nümayəndəsindən – Bakı Polis İdarəsindən – soruşub ki, Ağayevanın gömrük sərhədindən xarici valyutanı daşıdığına dair sübutlar varmı, yoxsa bunu gömrükdə yan keçməklə gizli yolla edib? Vəkilin sözlərinə görə, polis nümayəndəsi mənfi cavab verib.

“Belə olduğu halda mən soruşdum ki, Xəyalə Ağayevanı hansı əsasla həbs edilbər? O cavab verdi ki,” fərziyyələr” var və istintaq zamanı Ağayevanın “qaçaqmalçılıqda” əli olduğunu “sübut edəcəklər”.

Hakim də soruşub ki, Ağayevaya qarşı konkret sübutlar varmı? “Lakin polis nümayəndəsi mahiyyəti üzrə cavab vermək əvəzinə dedi ki, “bu qədər pul” aşkar edilib… Ancaq bunun Agaeva ilə nə əlaqəsinin olduğunu izah etmədi. Bunun əvəzinə dedi ki, “Hələlik yoxdur, amma biz bunu sübut edəcəyik”, – vəkil deyib.

Polis nümayəndəsi “İstintaqda Ağayevanın “Meydan” TV-nin maliyyə məsələlərinə bağlılığı barədə hər hansı məlumat varmı?” sualına da mənfi cavab verib

Lakin məhkəmə şikayəti və qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti təmin etməyib.

Bu gün Apellyasiya Məhkəməsində “Meydan” TV-nin digər əməkdaşı Aytac Tapdığın da həbsindən şikayətə baxılıb.

Vəkil Cavad Cavadov bildirib ki, müdafiə tərəfi jurnalistin həbsinin qanunsuz olduğunu, onunla bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulduğunu göstərib. Lakin məhkəmə Tapdıgın həbsi barədə qərarı qüvvədə saxlayıb.

Həmçinin Apellyasiya Məhkəməsi jurnalist Ramin Dekonun həbsindən şikayəti təmin etməyib, onun vəkili Nemət Kərimli bildirib. Onun sözlərinə görə, jurnalistə qarşı cinayət təqibi əsassızdır. Dekonun saxlanma şəraitindən şikayəti olmasa da, bu gün məhkəmədə konvoy onun vəkillə məxfi ünsiyyətinə mane olub. Bundan əlavə, Dekoya vəkillə yazışmağı qadağan ediblər.

Bu gün Apellyasiya Məhkəməsi media eksperti Ülvi Tahirovun həbsi barədə qərarı qüvvədə saxlayıb, onun vəkili Bəhruz Bayramov bildirib.

Apellyasiya instansiyası jurnalist Natiq Cavadlının da şikayətini təmin etməyib, onun vəkili Zibeydə Sadıqova bildirib.

Onun sözlərinə görə, şikayətdə qeyd olunub ki, birinci instansiya məhkəməsi Cavadlıya qarşı şübhələrin əsaslı olduğunu, onun həbsinə əsasın olduğunu araşdırmayıb.

Cavadlı özü deyib ki, 33 ildir jurnalistika ilə məşğuldur və heç vaxt qanunları və peşə etikasını pozmayıb. “Əgər mən cinayətkar olsaydım, deputatlar, məmurlar niyə mənə şərhlər və müsahibələr veriblər”, – Cavadlı deyib və qeyd edib ki, jurnalist fəaliyyətinə görə beynəlxalq mükafata layiq görülüb.

Apellyasiya Məhkəməsi Aynur Elgüneşi də həbsdə saxlayıb, vəkil Elçin Sadıqov deyib. “Azərbaycan yeganə ölkədir ki, araşdırma jurnalistikası cinayət sayılır”, – məhkəmə zamanı Elgüneş bildirib.

Ötən gün Apellyasiya Məhkəməsi “Meydan” TV-nin daha bir jurnalisti Aysel Umudovanı həbsdə saxlayıb.

*Oktyabrın 6-da “Meydan” TV-nin 5 əməkdaşı və digər medianın iki nümayəndəsi “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılıb.

Dekabrın 8-də məhkəmə onları 4 ay müddətinə həbs edib.