Xırdalanda partlayış: Dağıntılar altında bir uşaq qalıb

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, partlayışdan sonra evdə yanğın başlayıb. Partlayışın gücündən yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

 

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

 

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.

 

Bu barədə “Report”un sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.

 

Bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan azyaşlının xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır.

 

Dağıntılar altında qaldığı ehtimal olunan uşaq 2012-ci il təvəllüdlü Fatimə Musayevadır. Onun atası Vüsal Musayev yaralı vəziyyətdə çıxarılaraq xəstəxanaya yerləşdirilib, anası 1988-ci il təvəllüdlü Aytən Musayevanın isə meyiti çıxarılıb.

 

Qeyd edək ki, indiyədək dağıntılar altından ümumilikdə 6 nəfər vətəndaş xilas olunub, daha bir nəfərin isə meyiti çıxarılıb.

 

.