Tofiq Yaqublunun qızı: Bütün faktlar sübut edir ki, onun heç bir günahı yoxdur
Dekabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi baş tutub. Məhkəmədə istintaq materiallarının tətqiqi keçirilib. Siyasətçinin qızı Nigar Həzi bildirib ki, məhkəmədə atasının həbsinə əsas olacaq heç bir sübut təqdim edilmir:
“Heç bir sənəd, heç bir şey üst-üstə düşmədi, heç bir fakt olmadı. Tofiq Yaqublunun hakim Elnur Nuriyevin istintaq materiallarını oxuyaraq səsləndirdiyi hər şeyə cavabı var idi. O, hamısını faktlarla sübut edirdi ki, hakim yalan danışır”.
Nigar Həzinin sözlərinə görə, dekabrın 14-də Tofiq Yaqublunun həbsindən 1 il ötür, bu müddət ərzində keçirilən bütün məhkəmələrdə yalnız bir vəsatətdən başqa Yaqublunun heç bir vəsatəti təmin edilməyib.
“Mobil operatorların anten dairələrinin çıxarışından bilmək olar ki, nə vaxt ona zəng gedib, həmin ərəfələrdə kimlərlə danışıb. Məhkəmə həmin sorğunun göndərilməsində maraqlı deyil, çünki bilirlər ki, bu sorğu getsə faktlar daha da üzə çıxacaq. Tofiq Yaqublu ilə Elnur Məmmədovun heç bir əlaqəsi yoxdur. Bütün faktlar sübut edir ki, Tofiq Yaqublu günahsızdır, o, şərlənib”, deyə siyasətçinin qızı qeyd edib.
Növbəti məhkəmə prosesi dekabrın 29-da təyin olunub.