Qarabağda korrupsiya araşdırmaları ilə bağlı Baş prokurorluğa müraciət edildi
“Abzas Media” Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan yenidənqurma layihələri ilə bağlı Baş Prokurorluğa müraciət edib. Sayt indiyədək dərc etdiyi korrupsiya araşdırmaları ilə bağlı Baş Prokurorluğun araşdırma aparıb-aparmadığını sorğulayıb.
Cinayət-Prosessual Məcəlləsinin 206-cı maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayətlər haqqında media subyektlərinin məlumatları cinayət işinin başlanması üçün əsas hesab olunur.
Müraciətdə “Abzas Media”nın dərc etdiyi 10-dək araşdırmadan bəhs olunur. Bu araşdırmalar Füzuli hava limanının tikintisi, Qarabağda əkin-biçinlə məşğul olan şirkətlər, Ağdamda məcburi köçkünlərin evlərinin xarabalıqları üzərində tikilən özəl biznes obyektləri, sakinlər üçün inşa edilən yaşayış binaları, Prezidentin köməkçisinin qardaşına həvalə olunan “Ağıllı kənd” layihəsi, Şuşa və Qazaxın işğaldan azad edilən kəndlərində şəhərsalma işləri, Prezidentin ailə biznesini idarə etmiş nazir müavini, tikintiyə cəlb olunmuş Türkiyə şirkətlərinin udduğu layihələrlə bağlıdır.
Dövlət büdcəsindən maliyyələşən bu layihələri Prezident İlham Əliyevə, Prezidentin Təhlükəsizlik xidmətinin rəisi Bəylər Eyyubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatova, xarici işlər nazirinin müavini Yalçın Rəfiyevə, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın olan şəxslər və şirkətlərə həvalə olunub.
Araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Konstitusiyasının, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət satınalmaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Dövlət qulluğu haqqında”, “Torpaq icarəsi haqqında” Qanunun, eləcə də Torpaq Məcəlləsi və Mülki Məcəllənin tələbləri kobud şəkildə pozulub.
“Abzas Media” Baş Prokurorluqdan sorğuya qanunda nəzərdə tutulan müddətdə cavab verməsini tələb edib.