Ayrıseçkilik heysiyatımıza toxunur
Mustafa Hacıbəyli
Əgər Azərbaycanda ayrı-seçkilik olmasaydı, su, işıq, qazpulunun 5-10 faiz artmasına hamı anlayışla yanaşardı.
Həyatını riskə qoyub müharibəyə getmiş veteranlara 80 manat, ilin yarısını tətillərdə keçirən deputatlara isə bundan yüz dəfə çox – 8000 min manat maaş verirlir.
Dövlət məmurlarının əksəriyyəti milyonçudurlar. Dəbdəbəli villalarda yaşayır, dəbdəbəli maşınlar sürürlər, obyektlərə və böyük mülklərə sahibdirlər. Bütün həyatı boyu müəllim, həkim işləyərək xalqa xidmət edənlərə 500-600 manat, hakimiyyətə xidmət edən məmurlara isə 2000-3000 manat pensiya verilir.
Deyirlər ki, guya kasıbları nəzərə alaraq qaza illik, işığa aylıq ucuz ödəniş limiti qoyulub. Amma ehtiyacları olmasa da, bu güzəştdən də daha çox varlılar yararlanır. Çünki onların çoxlu evləri, villaları var – 5 gün mənzildə qalanda, 2 günü də villada keçirirlər, tətillər dövründə bağda-bağatda, xaricdə olurlar, ona görə limitləri istifadəsiz qalır. Kasıb isə il uzunu həftədə 7 gün öz xarabasından çıxa bilmir, ona görə həmin limitləri əksər hallarda aşırlar.
Söhbət tək puldan da getmir. Ümumiyyətlə ölkədəki ayrıseçkilik, hakimiyyətin əhaliyə saymaz münasibəti heysiyatımıza toxunur, ona görə də ETİRAZ EDİRİK.