“Pantsir” dronlara yox, təyyarəyə atəş açıb? Yeni gəlişmə

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Azərbaycan Havva Yollarına məxsus təyyarənin faciəvi qəzaya uğradığı gün Qroznı şəhəri yaxınlığında “Pantsir” HHM sisteminin  məhv etdiyi PUA-ların qalıqlarını tapmaq üçün göstəriş verib. Lakin Rusiya Qvardiyasının şəxsi heyəti bir neçə gündür ki, pilotsuz təyyarənin hissələrini axtarsa da, tapa bilmir.

Bu haqda Rusiyanın məşhur ВЧК-ОГПУ  teleqram kanalı məlumat yayıb.

Ehtimal olunur ki, faciənin baş verdiyi gün Qroznı şəhərinə ümumiyyətlə dron hücumu olmayıb.  Əgər dron hücumu haqda iddialar sübuta yetməsə, bu, Hava Hücumundan Müdafiə Qüvvələrin PUA-ları məhv etməyə çalışarkən Azərbaycan təyyarəsinin “lazım olmayan anda və lazım olmayan yerdə peyda olması” səbəbindən vurulması versiyasının üzərindən xətt çəkəcək.

Bu isə HHM qüvvələrinin dronlara yox, məhz Azərbaycan təyyarəsinə atəş açdığı versiyasını gücləndirəcək.

Belədə “dron hücumu” versiyasının cinayəti gizlətmək məqsədilə uydurulduğu ortaya çıxır.

Rusiya mediasında “dron hücumu” versiyasının sonradan uydurulduğunu təsdiqləyən başqa bir məlumat da dərc edilib.

Məlum olub ki, faciə zamanı təyyarəni idarə edən dispetçer Əli İdrisovun hər hansı bir dron hücumu və hava məkanının bağlanmasından xəbəri olmayıb. Rusiya teleqram kanallarında yayılan məlumata görə, Əli İdrisov dünən axşam dindirilib. İdrisov deyib ki, o, təyyarə yerə enən zaman hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və “Xalça” rejiminin tətbiqi barədə, Azərbaycan təyyarəsi ilə bağlı insidentdən beş dəqiqə sonra məlumat alıb.

Maraqlıdır ki, Əli İdrisov dispetçer olmamışdan əvvəl peşəkar futbolçu olub və “Terek Qroznı”da (indiki “Axmat”) çıxış edib.

ВЧК-ОГПУ  teleqram kanalının məlumatına görə, İdrisov təyyarə heyətinin səhvən verdiyi məlumata əsaslanaraq, hadisəni “quşlarla toqquşma”  kimi qiymətləndirib.

Əli İdrisovun sözlərinə görə, o, “Xalça” rejimindən saat 08.21-də, yəni təyyarənin heyəti qəza barədə məlumat verdikdən beş dəqiqə sonra xəbər tutub.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevdən üzr istəsə də, təyyarənin hücuma məruz qaldığını etiraf etməyib. 

Mustafa Hacıbəyli