İsa Qəmbər erməni faşizmindən yazdı
Z.Balayanla L.Ter-Petrosyanı birləşdirən “dəyər” və ya etnik təmizləməni kim həyata keçirib
Düz 40 il bundan əvvəl – 1985-cı il yanvarın 5- də erməni faşizminin ideoloqlarından Zori Balayana yazdığım cavab yayılmağa başlamışdı. Balayanın “Ocaq” kitabında saysız-hesabsız yalanlarla yanaşı, bir sıra ciddi etiraflar da var idi. Məsələn, o, Azərbaycanın, Türkiyənin və digər ölkələrin torpağına iddialarını əsaslandırmaq üçün bəyan edirdi ki, erməni xalqının “həyat məkanına” ehtiyacı var. Özünü intellektual hesab edən bu adam bilmirdi və ya dərk etmirdi ki, “həyat məkanına ehtiyac” Hitler faşizminin təməl ideyalarından biridir. Məhz faşistlər iddia edirdilər ki, onlar ali irq təmsilçiləri kimi qonşu ölkələrin torpaqlarını zəbt edib yerli xalqları ordan qova bilərlər ki, “ali irq” rahat yaşaya bilsin.
İndi isə Levon Ter-Petrosyanın çox ciddi etirafları ortaya çıxıb. Ermənistan internet resurslarında onun 1993-cü il İyul ayında Ağdamın işğalından sonra erməni hərbçilərinin qarşısında etdiyi çıxış yayılıb. Üstündən 30 il keçəndən sonra ermənilər bunu nə məqsədlə yayıblar özləri bilərlər.
Biz isə tanınmış bloger Albert Isakov’a təşəkkür etməliyik ki, bu tarixi baxımdan olduqca önəmli çıxışı rus dilinə tərcümə edərək yayıb:
1993-cü il iyulda etdiyi bu çıxışda Ermənistanın prezidenti, “Qarabağ Komitəsi”-nin rəhbəri, Ermənistan Ümummilli Hərəkatının lideri L. Ter-Petrosyan qürurla bəyan edir ki, Ermənistanı və Qarabağı “başqa xalqlar”dan onun rəhbərlik etdiyi təşkilat “təmizləyibdir.”
Ter-Petrosyan deyir ki, azərbaycanlılar üç rayonda (Vardenis, Masis, Amasya) əksəriyyət təşkil edirdilər, Zəngəzur zolağında da çox idilər. Və əlavə edir ki, bu əhali qovulmasaydı, nə Ermənistanın müstəqilliyinə nail olmaq mümkün deyildi, nə də Qarabağ hədəfinə çatmaq.
Ter-Petrosyan daha bir çox önəmli etiraflar edir. O bildirir ki, bir neçə yüz min erməninin Azərbaycandan çıxması da Erməni Ümummilli Hərəkatının hədəflərindən biri olub.
Başqa da maraqlı mövzular var, maraqlananlar özləri oxuya bilərlər.
Uzun illərdən bəri bizim dediyimiz bir sıra həqiqətlər ermənilərin özü tərəfindən etiraf olunur.
1. Etnik təmizləmə ittihamının hədəfi Azərbaycan deyil, erməni faşizmi olmalıdır.
2. Son on illərin Azərbaycan və Ermənistan arasında bütün müharibələrin, bütün köç hadisələrinin (istər azərbaycanlıların Ermənistan və Qarabağdan çıxarılmasının, istər ermənilərin Azərbaycandan 1990-cı ildə və 2023-cü ildə çıxmasının) səbəbkarı və təşkilatçısı erməni faşistləridir.
3. Ermənilərin ən demokratik, tolerant, müdrik hesab edilən siyasi lideri L. Ter-Petrosyan adi faşistdən, sıradan qaragüruhçudan heç nə ilə fərqlənmir.
Bütün bu həqiqətlərlə yanaşı, mən son onilliklərdə dəfələrlə dediyim daha bir fikrimdə qalıram ki, erməni faşizmi tarix boyu kənar qüvvələrin regionu nəzarətə götürmək və idarə etmək aləti olub. 1988-1994-ci illərdə Rusiya (SSRİ) rejimləri iki Qafqaz ölkəsini müharibəyə və əbədi düşmənçiliyə vadar etmək üçün Ermənistandan azərbaycanlıları, Azərbaycandan erməniləri çıxarmağı qarşılarına hədəf qoymuşlar və buna nail olmuşlar.
Bütün bu mövzular ciddi və hərtərəfli elmi araşdırmaya cəlb edilməlidir.
Yazı Müsavat Partiyasının başqanı İsa Qəmbərin feysbuk səhifəsindən götürülüb.