Lavrovun təyyarə qəzası ilə bağlı açıqlamasına Arif Hacılıdan sərt etiraz
Rusiya səmasında vurulan Azərbaycan təyyarəsinin qara qutusundakı məlumatlar barədə ilk açıqlama Rusiyadan, Lavrovdan gəldi.
Qəzaya uğrayan təyyarənin qara qutusu Qazaxıstanda aşkarlsnıb, Braziliyada oxunaraq bu ölkəyə göndərilib, əsas zərərçəkən tərəf Azərbaycandır, amma bu barədə ilk məlumat hadisənin əsil mahiyyətini gizlətməkdə maraqlı olan Rusiya tərəfindən yayılır.
Lavrov qəza barədə yayılan ilk məlumatların təsdiqini tapmadığını iddia edir. Əgər pilotlarımızın şücaəti nəticəsində qəzalı təyyarə yerə endirilibsə, təyyarənin fizulyajı üzərində qəlpə izləri aşkar olunubsa, qəlpə yarası alan canlı şahidlər, onların ifadələri ortadadırsa Lavrov hansı yanlışlıqlardan danışır?
Təyyarədən sağ çıxan sərnişinlərdən biri deyir ki, iki zərbədən sonra Qroznı hava limanına eniş etdik. O qədər aşağı endik ki, hava alanında olan uçaqları, eniş xəttini təxminən 10 mərtəbəli ev hündürlüyündən gördük, düşündük ki, artıq xilas olduq, amma bundan sonra uçağımız yenidən sürət yığıb yüksəkliyə qalxdı.
Hətta səhvən vurulmuş olsa belə qəzalı vəziyyətdə olan sərnişin təyyarəsinin enişinə niyə icazə verilmədi?
Başıcası, bütün bunlardan sonra təyyarənin guya quş sürüsü ilə toqquşması, duman səbəbindən enişinə icazə verilməməsi, qaz balonunun partlaması kimi versiyaların da uydurulması göstərir ki, Rusiya törətdiyi cinayətin izini itirmək məqsədilə təyyarənin tamamilə məhvinə, bütün sərnişinləri və ekipajın öldürülməsinə cəhd edib.
Bəlkə də, pilotların yaxın ərazilərdə olan çox sayda hava alanlarını buraxıb dəniz üzərindən Qazaxıstana üz tutmalarının səbəbini də burada axtarmaq lazımdır.
Pilotlar təyyarəni Rusiya ərazisində sağ-salamat endirsələr belə izlərin itirilməsi məqsədilə məhv ediləcəklərini anlamışdılar…
Qara qutu canlı şahidlərin olmadığı hallar üçün əvəzsiz məlumat mənbəyidir.
Hadisənin canlı şahidləri, hadisə zamanı çəkilmiş videogörüntülər, güllə yarası almış şahidlərin ifadələri, təyyarənin üzərində olan qəlpə izləri ortada ikən təyyarənin vurulması və enişinə icazə verilməməsi faktını inkar etməyə cəhd göstərməyin özü belə əlahiddə həyasızlıqdır.
İndi bizim nəticəyə nail olanadək irəli sürdüyümüz əsas tələb təyyarəmizin vurulması ilə çoxlu insan tələfatına səbəb olan hadisənin hərtəfli araşdırılması, ilk növbədə həlak olanların və yaralıların yaxınlarından rəsmi səviyyədə üzr istəyərək müvafiq təzminatın ödənilməsi, və günahkarların cəzalandırılması olmalıdır.
Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.