ABŞ ilə Ermənistan arasında sazişə Azərbaycandan reaksiyalar
Ermənistan ilə ABŞ arasında strateji tərəfdaşlıq haqda sazişin imzalanması Azərbaycanda müzakirələrə səbəb olub. Bu mövzuda bəzi rəyləri təqdim edirik:
Arif Hacılı, Müsavat Partiyası Məclisinin sədri
İlham Əliyev beynəlxalq vəziyyətin Azərbaycanın xeyrinə dəyişəcəyi ümidi ilə yanvarın sonunu gözləyərkən Ermənistan yanvarın ortasında ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzaladı.
Azərbaycan hakimiyyəti GUAM, Avropa Şərq Tərəfdaşlığı kimi perspektivli layihələrdən, Avropa İttifaqı ilə əməkdaşlıq sazişindən imtina edib 3+3 kimi ölü doğulan bir ideyanın ardınca düşmüşdü (İran-Rusiya-Türkiyə və 3 Güney Qafqaz ölkəsi).
Gürcüstanın ilk gündən imtina etdiyi, Ermənistanın gözləmə mövqeyi tutduğu bu layihənin bizim əvvəlcədən xəbərdar etdiyimiz acı taleyi göz önündədir.
Rusiya ilə təyyarəmizin vurulması böhranını yaşayırıq. Kreml növbəti dəfə Rusiyada yaşayan soydaşlarımızla bizi şantaj etmək üçün yeni, sərt qərarlar qəbul edir.
İran mətbuat və bəzi rəsmi şəxslər vasitəsi ilə Azərbaycana və şəxsən bir vaxtlar 3+3 layihəsinin alovlu təbliğatçısı olan İlham Əliyevə qarşı kampaniya aparır.
Dünyanın ən aparıcı mətbuat orqanları, ictimai qurumları, beynəlxalq təşkilatlar Azərbaycana qarşı təbliğat apararaq ümumi ictimai rəyi əleyhimizə çevirməkdədir.
Ermənistan-Azərbaycan münaqişəsi məsələsində haqlı olduğumuz halda, artıq haqsız duruma düşmüşük.
Bəs Ermənistan, Azərbaycan televiziyalarının lağ obyekti olan Paşinyan nə edir?
Son iki ildə Rusiya ilə əmtəə mübadiləsini 5 dəfə artırsa da, Ermənistan ərazisində rus hərbi bazasını saxlamaqda davam etsə də, bütün dünyada anturusiya koalisiyasında yer aldığı görüntüsü yaratmağa nail olub.
Dünyanın ən qüdrətli güc mərkəzlərindən olan Avropa İttifaqına üzvlük prosedurlarına başlayıb, atom nüvə silahına sahib olan Fransa ilə müttəfiqlik münasibətlərini daha da gücləndirib.
Bir daha təsdiq olunur ki, Blinkenə demarş olaraq Rüfət Səfərovun həbs edilməsi və ya xarici siyasət kursunun bir vaxtlar Emin Ağalarovun Trampla olan şəxsi münasibətlərinə ümid bəsləyərək redaktə edilməsi, “kürü diplomatiyası” kimi primitiv davranışlara son qoyulmasa ölkəmiz daha acınacaqlı duruma düşəcək.
Azərbaycan hakimiyyətinin bugünki siyasəti Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasına ziddir.
Ölkənin siyasətini yürüdənlər YAP-ın çoxluq təşkil etdiyi Milli Məclis tərəfindən qəbul edilmiş və İlham Əliyevin özü tərəfindən imzalanmış bu sənədin əsas müddəalarına bir daha nəzər salıb burada qeyd edilən siyasətə dönüş barədə düşünməlidir.
Hələ də gec deyil…
Elxan Şahinoğlu, ekspert
Rusiya Azərbaycanın sərnişin təyyarəsini raketlə vurmaqla münasibətlərə kölgə salıb, kompensasiya və cinayətkarların cəzalandırılması tələbimizə reaksiya yoxdur, digər qonşumuz İrandan ölkəmizə qarşı təxribatlar davam edir.
Bu arada, Ermənistan hökuməti Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığı gücləndirib, sərhədimizə avropalılarla yanaşı, amerikalı hərbçilər də yerləşdiriləcək. Rusiya və İranın buna görə Ermənistanı cəzalandıracağı barədə mülahizələr özünü doğrultmaya bilər. Rusiya ilə Ermənistan arasında ticarətin həcminin 4-5 dəfə artmasının gizli tərəfləri var, Moskva bundan faydalanmaqdadır.
Tehran isə Ermənistanın bütün şıltaqlıqlarını, hətta “şeytan” adlandırdığı Amerika ilə hərbi əməkdaşlığına da dözümlü yanaşmağa hazırdır, yetər ki, bunun Azərbaycana zərəri olsun. Bölgədə baş verənlərə çevik reaksiya verməliyik, ümidimizi yalnız Donald Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verəcəyinə bağlamamalıyıq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun yeni dövlət katibi, hər zaman ermənilərin mövqeyini müdafiə edən və Azərbaycan əleyhinə açıqlamalar verən senator Marko Rubio ilə strateji tərəfdaşlıq sazişinin imzalanmasını çətin təsəvvür etsək də, oxşar sənədin Bakıya da təklif edilməsi ehtimalını diqqətdə saxlamalı və bundan imtina etməməliyik. Bütün hallarda əsas məsələmiz şərtlərimiz daxilində il ərzində Ermənistanı sülh sazişini imzalamağa təşviq etmək olmalıdır.