Rus olmayanların ana dili
Bakı sakini avtobusa minərkən üzünü sürücüyə tutub soruşur:“posyolka Kirova gedir?”
Sərnişinlərdən biri özünü saxlamayıb öz-özünə deyinir – otuz ildir ki, rəsmi olaraq M.Ə.Rəsulzadə qəsəbəsidir, hələ də posyolka Kirov deyir.
Nəsli-kökü rus olmayan insanın öz vətənində öz soydaşı ilə başqa dildə danışmasına tez-tez rast gəlirik, bu, ürək bulandıran haldır.
Gənc afrikalının isə türk dilindəki sözləri çətinliklə də olsa ifadə edərək, sərnişinlərdən ünvan soruşmasının da şahidi olmuşam.
Biz sovet dövrü nəslinin gəncləri o vaxt hansı təhsil müəssisəsinə, sənaye idarələrinə daxil olurduqsa, direktorun, müdirin qapılarının ağzında oturan “nazəndələr” – rus, erməni qızları bizim ana dilimizdə sorğumuza cavab verməyib, lal kimi baxırdılar üzümüzə, məcbur edirdilər ki, bu gözəlçələrə rus dilində müraciət edək.
Bu həmin dövr idi ki, “Retro” verilişinin aparıcısı Ayaz Salayev dilini çox çətinliklə döndərərək Azərbaycan dilində gülməli bir aksent ilə danışırdı. Salayev indi də təhsil aldığı rus dilini tərifləyir, demək olar ki, bütün xalqların düşməni sayılan bir rejimin – sovet rejiminin yenidən cücərməsini istəyir. O, bir millət iki dövlətin yalnız iki hərf fərqi olan sözdən (qəsəbə – kasaba) yapışır, Kremlin Türkiyə ilə türk respublikaları arasına çəkdiyi 70 illik hasarı xatırladır.
Bu mənasız mübahisə yalnız ucuz rus dili məftunlarının ürəyincədir. Onlar çoxlu dil bilməyin üstünlüyünü anlamayaraq, öz ana dilinə xəyanətləri ilə özlərini ifşa edirlər.
Nəzakət Muradova