Ağ Ev Trampın irqçi paylaşımını müdafiə etdi, sonra sildi

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Barak Obama və keçmiş birinci ledi Mişel Obamanı meymunlar kimi göstərildiyi bir video çarxı paylaşıb. Ötən cümə axşamı edilən bu paylaşım sərt tənqidlərə səbəb olub.

Trampın Truth Social sosial şəbəkəsində paylaşılan videoda 2020-ci il seçkisinin saxtalaşdırıldığı barədə iddiaların əks olunub. Videonun sonunda Obamaların başı meymunların bədənlərinə montaj edilib.

Bu paylaşımı bir çoxları, hətta bəzi respublikaçı senatorlar Afrika mənşəli insanlara qarşı irqçilik kimi qiymətləndirib. Respublikaçı senator Tim Scott bu görüntünü “Ağ Evdən gördüyüm ən irqçi şey” adlandırıb və onun dərhal silinməsini istəyib. Bir neçə  respublikaçı parlamentari prezidentdən üzr istəməyi və paylaşımı silməyi tələb ediblər.

“Donald Trampın videosu açıq-aşkar irqçi, iyrənc və tamamilə alçaq xarakter daşıyır,” — deyə amerikalı  hüquq müdafiəçisi,  NAACP təşkilatının rəhbəri Derrik Conson öz açıqlamasında bildirib.

Conson əlavə edib ki, “seçicilər bunu izləyir və seçkilərdə bunu xatırlayacaqlar”.

“Reuters”in məlumatına görə,
Ağ Ev klipi əvvəlcə müdafiə edib.  Ağ Ev sözçüsü Kerolayn Livitt tənqidləri “süni hiddət” adlandıraraq, bu videonun sosial şəbəkədə məşhur olan bir mem əsasında hazırlandığını bildirib. Lakin paylaşıldıqdan 12 saat sonra bu video Trampın səhifəsindən silinib.

Reutersin məqaləsində xatırladılır ki, irqçilər yüz illərdir ki, Afrika mənşəli insanları meymunlarla müqayisə edərək aşağılamağa çalışıblar.

Basta