Zelenski Ağ Evdə Tramp və Vens ilə toqquşdu

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Ağ Evdə ABŞ-ın Ukraynanın nadir minerallarına çıxışını təmin edəcək razılaşma əldə etdmək məqsədi daşıyan görüş iki lider arasında mübahisə ilə nəticələnib və Tramp Zelenskini “Ya sövdələşməyə gedəcəksiniz, ya da biz yoxuq” sözləri ilə hədələyib.

Prezident Tramp görüşdən sonra sosial mediada verdiyi açıqlamada təklif olunan razılaşmanın ləğv olunduğuna işarə edib.

“Mən qərara gəldim ki, prezident Zelenski Amerikanın iştirakı ilə sülhə hazır deyil, çünki o düşünür ki, bizim iştirakımız danışıqlarda ona böyük üstünlük verir,” Tramp yazıb.

“O, Amerika Birləşmiş Ştatlarına onun əziz Oval Ofisində hörmətsizlik etdi. Sülh üçün hazır olanda geri gələ bilər,” Tramp bildirib.

Oval ofisdə onlarla amerikalı və ukraynalı müxbirin şahidi olduğu qızğın fikir mübadiləsi, görüşün təxminən 40-cı dəqiqəsində, Zelenski Rusiyanın 2014-cü ildə Krımı işğal etməsini gündəmə gətirməsi ilə daha qızışıb.

ABŞ-ın vitse-prezidenti JD Vens dərhal Zelenskini tənqid edərək onu “təbliğat turu”nda iştirak etməkdə ittiham edib.

“Düşünürəm ki, sizin Oval Ofisə gələrək, Amerika mediası qarşısında bunu iddia etməyə cəhd etməyiniz hörmətsizlikdir,” o, Zelenskiyə deyib.

Həm Vens, həm də Tramp Ukrayna liderini ölkəsinin Vaşinqtondan aldığı yardıma görə minnətdar olmamaqda ittiham ediblər.

“Hazırda sizin əlinizdə kartlarınız yoxdur,” Tramp səsini qaldıraraq deyib, Zelenski isə onu təkzib etməyə çalışıb. “Siz milyonlarla insanın həyatı ilə qumar oynayırsınız. Siz III Dünya Müharibəsi ilə qumar oynayırsınız.”

Zelenski planlaşdırılan birgə mətbuat konfransında iştirak etmədən Ağ Evi erkən tərk edib.

Zelenskinin cavabı

Görüşün qəfil başa çatmasına baxmayaraq, Ukrayna lideri sosial mediada Amerika ictimaiyyətinə və ABŞ rəhbərliyinə müraciət edib.

“Amerikaya təşəkkür edirəm,” Zelenski X sosial media platformasında yazıb. “@POTUS, Konqresə və Amerika xalqına təşəkkür edirəm. Ukraynaya ədalətli və davamlı sülh lazımdır və biz məhz bunun üçün çalışırıq.”

Nadir faydalı qazıntılarla bağlı müqavilə

Görüşün əvvəlində Tramp Zelenski ilə müqavilə imzalamağa yaxın olduğunu bildirib.

“Çox ədalətli bir razılaşmamız var və biz ora gedib qazmağı, qazmağı, qazmağı, işləməyi və nadir torpaqdan bir qədər əldə etməyi səbirsizliklə gözləyirik,” Tramp nəzərə çarpan dərəcədə narahat olan Zelenskiyə deyib.

Müqaviləyə iki ölkənin Ukraynanın müharibədən sonrakı bərpası üçün fondu birlikdə idarə edəcəklərinə dair müddəalar daxildir. Ukrayna həmin fonda təbii sərvətlərindən gələcək gəlirlərinin 50%-ni yatıracaq.

Tramp minerallarla bağlı sövdələşməni Rusiya ilə müharibə bitdikdən sonra ABŞ-ın Ukraynada Avropa sülhməramlı qüvvələrini dəstəkləyəcəyi təhlükəsizlik zəmanətləri əvəzinə bir növ “dəstək” kimi xarakterizə edib.

“Bu o deməkdir ki, biz içəridə olacağıq və bu, Birləşmiş Ştatlar tərəfindən böyük öhdəlikdir,” o deyib.

Minerallarla bağlı sazişindən başqa, Tramp Avropa sülhməramlılarına Ukrayna və Rusiya arasında gələcək atəşkəsi təmin etməyə yardım etmək üçün heç bir təhlükəsizlik zəmanəti verməklə bağlı öhdəlik götürmür – amma bu, Fransa, Britaniya və digər NATO müttəfiqləri tərəfindən irəli sürülən bir tələbdir.

“Mən razılığa gəlməyənədək, sülhməramlılıq haqqında danışmağı sevmirəm,” Tramp cümə axşamı Britaniya Baş naziri Kier Starmerlə mətbuat konfransı zamanı deyib.

Ağ Evdə ilk görüş

Trump və Zelenski arasında keçmişdə müxtəlif şəkildə birbaşa görüşlər olub, ancaq cümə günü ilk dəfədir ki, onlar arasında Ağ Evdə görüş keçirilir. İki lider bu ayın əvvəlində Trampın Rusiya prezidenti Vladimir Putinlə danışığından sonra telefonla danışıb.

Tramp vəzifəyə gəldikdən sonra Ukraynaya təzyiq kampaniyasını artırıb və yanlış bir şəkildə Kyivin Rusiya ilə müharibəyə başladığını bəyan edib və Zelenskini “diktator” adlandırıb.

Cümə axşamı isə Tramp mövqeyini yumşaldıb. Müxbirin hələ də Zelenskinin diktator olduğuna inanıb-inanmadığına dair suala cavab olaraq Tramp “Mən bunu demişəm? Bunu dediyimə inana bilmirəm” deyib.

O, həmçinin dəfələrlə ABŞ-ın Ukrayna müharibəsinə 350 milyard dollar xərclədiyinə dair iddianı təkrarlayıb. Amma bu, Müdafiə Nazirliyi və ABŞ-ın Ukraynaya ayırdığı vəsaitləri izləyən qurumlararası nəzarət qrupunun qeyd etdiyi məbləqdən daha yüksəkdir.

Bu arada Tramp Kyiv və ya avropalı müttəfiqlərin iştirakı olmadan Rusiya ilə birbaşa danışıqlar aparır və cümə axşamı keçirdiyi mətbuat konfransında ikitərəfli qarşılıqlı əlaqələri “sağlam düşüncə” adlandırıb.

Tramp Moskva ilə danışıqların “çox yaxşı irəlilədiyini” deyib, lakin razılaşmanı təmin etmək üçün vaxtın az olması barədə xəbərdarlıq edib. O, Moskva ilə Kyiv arasında sülh razılaşması əldə olunarsa, Putinin “sözünün üstündə duracağına” və Ukraynaya qarşı əlavə hərbi müdaxiləyə başlamayacağına dair əminliyini ifadə edib.