Tramp: “Zelenskidən sülh danışıqlarına hazır olması barədə məktub aldım”
ABŞ prezidenti Donald Tramp Konqresin hər iki palatasına müraciətində Ukrayna prezidenti Vladimir Zelenskidən sülh danışıqlarına hazır olduğunu ifadə edən məktub aldığını bildirib.
“Bu gün mən Ukrayna prezidenti Zelenskidən vacib məktub aldım. Məktubda deyilir: “Ukrayna davamlı sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. “Heç kim ukraynalılardan daha çox sülh istəmir”, – Tramp bildirib.
Onun sözlərinə görə, Zelenski həmçinin faydalı qazıntıların hasilatı ilə bağlı sazişi “istənilən vaxtda” imzalamağa hazır olduğunu bildirib.
Tramp məktuba görə minnətdar olduğunu bildirib və əlavə edib: “Eyni zamanda, Rusiya ilə ciddi danışıqlar apardıq və onların sülhə hazır olduqlarına dair güclü siqnallar alırıq”.
Volodimir Zelenski çərşənbə axşamı Oval kabinetdə Trampla mübahisəni şərh edərkən, buna görə təəssüfləndiyini deyib və danışıqlar masasına oturmağa hazır olduğunu açıqlayıb. O, həmçinin bir müddət əvvəl bildirib ki, Ukrayna yeraltı sərvətlərə dair saziş imzalamağa hazırdır.
Tramp Konqresdəki çıxışında bir daha təkrar edib ki, ABŞ Ukraynaya dəstək üçün Avropadan daha çox pul xərcləyib: “Təəssüf ki, Avropa Ukraynanı müdafiə etməkdənsə, Rusiya neftini və qazını almağa daha çox pul xərcləyib. Fikirləşin”.
Tramp Ukrayna haqqında danışarkən bəzi demokratlar Konqresin zalından çıxıblar, senatorlardan biri isə Ukrayna bayrağı qaldırıb.
Amerika prezidenti çıxışında bir gün əvvəl elan edilən Kiyevə hərbi yardımın dayandırılması haqda qərarından bəhs etməyib.