Trampın partiyası Mayamidə mer seçkilərində uduzdu

Demokrat namizəd 28 ildən sonra ilk dəfə Mayami meri seçkilərində qalib gəlib

Demokratlar Partiyasının namizədi 28 ildən sonra ilk dəfə Mayami meri seçkilərində qalib gəlib. İlkin məlumatlara görə, 61 yaşlı Eylin Higgins ABŞ prezidenti Donald Trampın açıq şəkildə dəstəklədiyi respublikaçı Emilio Qonsalesi təxminən 20 faizlik fərqlə məğlub edib.

Əhalisinin çoxunu Kuba, Venesuela, Nikaraqua və digər latın amerikalı ölkələrdən olan mühafizəkar immiqrantların və onların nəslinin təşkil etdiyi şəhərdə Demokrat Partiyasının nümayəndəsinin qələbəsi müşahidəçilər tərəfindən Respublikaçılar Partiyasına xəbərdarlıq kimi qiymətləndirilib.

Higgins seçki kampaniyasını Donald Trampın miqrasiya siyasətinə kəskin tənqid üzərində qurmuşdu. O, Associated Press-ə verdiyi müsahibədə belə deyib:
“Vəzifəli şəxslərdən xüsusilə immiqrantlara qarşı qeyri-insani ritorika eşidirik. Mayami sakinləri bunu rədd etməyə hazır idilər.”

O həmçinin ABŞ-ın ən bahalı şəhərlərindən biri olan Mayamidə ucuz mənzil tikintisini geniş şəkildə artıracağına söz verib.

Demokratın qələbəsi respublikaçı Maria Salazar tərəfindən də narahatlıqla qarşılanıb. O, Mayamini əhatə edən dairəni Konqresdə təmsil edir. Salazar deyir ki, onun seçiciləri sərhəddə təhlükəsizlik və sağlam iqtisadiyyat istəyir, lakin illərdir ABŞ-da yaşayan və cinayət törətməyənlərə də müəyyən yumşalmaların edilməsini dəstəkləyirlər.

Təxminən 500 min əhalisi olan Mayami, 2024-cü il prezident seçkilərində Donald Trampın Kamala Harris üzərində böyük fərqlə qalib gəldiyi Mayami-Deyd dairəsinin bir hissəsidir.

Mayami meri seçkilərində demokratın qələbəsi, eləcə də iki ştatın qubernator seçkilərində demokrat namizədlərin qalibiyyəti və Nyu-York meri seçkilərində demokratların uğuru, gələn ilin payızında keçiriləcək ara seçkilərdə Demokrat Partiyasına ümid verir. Hazırda respublikaçıların Konqresin hər iki palatasında cüzi üstünlüyü var.