Müsavat İctimai Televiziyadan cavab gözləyir

Müsavat rəhbərliyi partiyaya efir vaxtı ayrılması üçün İctimai Televiziyaya rəsmi müraciət edib.

Müraciətdə bildirilir ki, Müsavat Partiyası “Siyasi Partiyalar haqqında” Qanuna əsaslanmaqla  ölkənin idarə olunması, əhalinin rifah halının yaxşılaşdırılması, məcburi köçkünlərin işğaldan azad olunmuş dədə-baba torpaqlarına qaytarılması, ölkədə azad, ədalətli seçkilərin keçirilməsi, ölkədə iqtisadi və siyasi islahatların aparılması ilə bağlı ictimai diskussiyaları vacib hesab edir.

“İctimai Televiziya və Radio Yayımları haqqında”  Qanuna əsasən ictimai televiziya və radio yayımlarının məqsədi Azərbaycan Respublikası əhalisinin ‒ bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığının, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaq, müstəqillik, plüralizm, dözümlülük prinsipləri əsasında fəaliyyət göstərməkdir.

Müsavat qanunvericilikdə nəzərdə tutulan tələblərə əsasən həftədə üç dəfə İTV televiziya kanalında partiyası üçün 30 (otuz) dəqiqəlik efir vaxtının ayrılmasını istəyib. Müraciət martın 3-də İctimai Televiziyanın rəhbərliyinə təqdim edilib.