Makron: “Rusiya Avropa üçün təhlükəyə çevrilib”
Dadaş Əhmədli
ABŞ-ın ən yaxın müttəfiqləri və qonşuları ilə(Kanada, Meksika) belə problemlər yaşadığı, Çinlə vəziyyəti gərginləşdirdiyi bir zamanda Avropa Ukrayna cəbhəsində təşəbbüsü ələ almağa yaxındır.
Bu gün xalqa müraciət edən Fransa prezidenti Makron bildirib ki, Rusiya Fransa və Avropa üçün təhlükəyə çevrilib. Onun sözlərinə görə, 2030-cu ilə qədər Rusiya Federasiyası 3 milyon əsgəri səfərbər etməyi və 4 min tank hazırlamağı planlaşdırır.
Makron Ukraynada Avropa qoşunlarının kontingentinin yerləşdirilməsini istisna etməyib. O, həmçinin bütün Aİ-ni qorumaq üçün Fransanın nüvə silahından istifadəsinə dair müzakirələr açmağa qərar verdiyini bildirib.
Makron Ukraynanın kapitulyasiyasına qarşı çıxış edib, bəyan edib ki, sülh heç nəyin bahasına və Rusiyanın diktəsi ilə qurula bilməz və Ukraynanın kapitulyasiyası ola bilməz. Fransa prezidenti Ukrayna ilə bağlı sülh planının hazırlandığını da açıqlayıb. Gələn həftə Fransa “Ukraynada gələcək sülhün təminatına” hazır olan ölkələrin baş qərargah rəislərini toplayacaq. Makron həmçinin, bildirib ki, Fransa Avropada ən təsirli orduya malikdir.