ABŞ Dövlət Departamenti: Azərbaycan hökuməti bu mesajı ciddi qəbul etsin

“Azərbaycanlı jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və müxalif fiqurların həbslərinin davam etməsi dərin narahatlıq doğurur,” ABŞ Dövlət Departamentinin rəsmisi fevralın 28-də Vaşinqton müxbiri Aleks Raufoğlunun suallarına cavabda deyib.

Daha sonra Birləşmiş Ştatların Vitse Prezident JD Vansa istinad edən Departament sözçüsü fikrinə belə davam edib: “Vitse Prezident Vansın da vurğuladığı kimi, ‘biz ifadə azadlığını dəstəkləməli, senzuranı durdurmalı və müxalifətin təqibini rədd etməliyik’. Və biz Azərbaycan hökumətindən bu mesajı ciddi qəbul etməsini gözləyirik,” deyə Departamentin adının çəkilməsini istəməyən rəsmisi fikrini yekunlaşdırıb.

Donald Tramp adminsitrasiyasnın bu açıqlaması xüsusilə son həftələrdə Azərbaycanda tənqidçilərin artan həbsləri və media qurumlarının​ fəaliyyətinin məhdudlaşdırılması, bəzilərinin isə​ bağlanması fonunda səslənib.

Nyu Yorkda qərargahlanan Jurnalistləri Müdafiə Komitəsi özünün 2024-cü il üzrə hesabatında Azərbaycanı dünyada media nümayəndələrinin ən çox həbs edildiyi 10 ölkə sırasına salıb.

Təşkilatın hesablamasına görə, hazırda ölkədə azı 24 jurnalist fəaliyyətinə görə siyasi motivlərlə həbsdədir; onların əksəriyyəti Azərbaycanla Qərb arasında münasibətlərin geriləməsi fonunda Qərbdən maliyyələşmə iddiaları ilə 2023-cü ilin sonundan saxlanılıblar.

Azərbaycan hökuməti ​bir qayda olaraq, ölkədə media azadlığının boğulması barədə iddiaları ​qəbul etmir və öncəki ABŞ administrasiyasının bu mövzuda tənqidlərini rədd edib.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ABŞ-Azərbaycan münasibətlərinin gələcək vəziyyəti ilə bağlı danışarkən​ Donald Trampa “ümidlərin böyük olduğunu” bildirib. O, ​deyib ki, Donald Tramp rəsmi olaraq vəzifəsinin icrasına başladıqdan sonra ABŞ-Azərbaycan əlaqələrini “strateji səviyyəyə qaldırmaq mümkün olacaq”.

Tramp Adminstrasiyasının Azərbaycanda media azadlığı ilə bağlı mövqeyi​ni Amerikanın Səsinə şərh edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç yeni administrasiyanın ”xeyli müddətdir Azərbaycanda davam edən bir problemi — insan haqlarının boğulmasını” etiraf etdiyini müşahidə edib.

O ehtimal edir ki, bununla Tramp komandası ən azı yaxın prespektivdə mövzunu diqqətdə saxlayacaq.

Bununla yanaşı, diplomat Azərbaycanda tədricən məhdudlaşdırılan ifadə azadlığının mühafizəsi üçün əməli işdən danışmağın hələ tez olduğunu vurğulayıb.

“Açığı, mən Azərbaycan xalqı üçün informasiya məkanının getdikcə daralmasından narahatam: beynəlxalq mətbuat orqanları sıradan çıxarılır, azsaylı müstəqil səslər susdurulur,” 1994-1997-ci illərdə ABŞ-ın Bakıda səfiri olmuş Kazlariç​ Amerikanın Səsinə bildirib.

ABŞ paytaxtında qərargahlanan RAND düşüncə mərkəzinin siyasi araşdırmaçısı, Helsinki Komissiyasının Cənubi Qafqaz üzrə keçmiş nümayəndəsi Maykl Çeçire isə diqqəti ona çəkir ki, Tramp Administrasiyası Azərbaycanda azadlıqların boğulmasına yanaşmasında xələfləri kimi “dərin narahatlıq” ifadəsinə müraciət edib. Ancaq əslində ”ritorikadan əmələ keçmək istəsə, ixtiyarında bir sıra alətləri var”.

Eyni zamanda təhlilçi güman edir ki, Ağ Evdəki yeni komandanın kursu qlobal səhnədə böhran idarəçiliyindən daha çox sabitliyə boylanmaqdır.

“Görünür, burada müəyyən davamlılıq gözləniləcək. Hər halda, bu administrasiya anlayır ki, tənqidi səslərə qarşı təzyiqlər Cənubi Qafqazda qeyri-sabitliyin başqa bir potensial vektoru ola bilər. Hesab edirəm ki, belə bir anlayış var ki, yeni də olsa, bu administrasiyaya əlavə qeyri-sabitlik lazım deyil,” təhlilçi ​Amerikanın Səsinə bilidirib.