Laçın dəhlizindən son 27 gündə ərzaqla dolu yüzlərlə yük maşını keçib
Xankəndi-Laçın yolunda azərbaycanlı fəalların etiraz aksiyasının başladığı ilk gündən başlayaraq dünyanın müxtəlif yerlərində məskunlaşmış ermənilər və onlara rəğbət bəsləyənlər süni şəkildə Qarabağın “blokadası” ilə bağlı tezisləri dövriyyəyə buraxıblar.
Azərbaycan tərəfi dəfələrlə Xankəndindəki qeyri-qanuni qruplaşmanın nümayəndələrinin və Ermənistan hakimiyyətinin “blokada” ilə bağlı yalanlarını təkzib edib və Laçın yolu ilə humanitar yük daşıyan avtomobillərin keçidinin açıq olması barədə məlumatı dünya ictimaiyyətinin diqqətinə çatdırıb və vurğulayıb ki, yolun bağlı saxlanılmasından söhbət gedə bilməz.
Bunu özünü Qarabağdakı qanunsuz hərbi birləşməyə “rəhbəri” elan etmiş Vardanyan da təsdiq edib. O açıqlamalarından birində qeyd edib ki, Qarabağda məskunlaşan ermənilər Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ərzaqla təmin edilirlər.
Caliber.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, 2022-ci il dekabrın 12-dən azərbaycanlı ekoloqların etiraz aksiyasının keçirildiyi yoldan 5 yanvar 2023-cü il tarixinə qədər 370-ə yaxın müxtəlif təyinatlı avtomobil yolun hər iki istiqaməti üzrə keçid həyata keçirib.Bunlardan 330-u Rusiya sülhməramlı kontingentinə, 31-i avtomobil, o cümlədən təcili yardım maşınları daxil, Beynəlxalq Qızıl Xaç Komitəsinə, 3 təcili yardım maşını isə yerli erməni sakinlərə məxsus olub.
Bildirilir ki, Ermənistan tərəfinin iddialarının əksinə olaraq, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan erməni əhalisinin sayı 30 min nəfəri ötmür, Xankəndinə doğru hərəkət etmiş yüzlərlə yük maşını bu qədər insanı təmin etmək üçün kifayətdir.