Avropa Şurası hökuməti jurnalistlərin müdafiəsi üçün effektiv tədbirlər görməyə çağırır
Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini jurnalistləri hücumlardan, təhdidlərdən və təqiblərdən qorumaq üçün “effektiv tədbirlər” görməyə çağırıb.
Nazirlər Komitəsi 4-6 mart tarixlərində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasına nəzarət məqsədilə keçirdiyi rüblük iclasında “Xədicə İsmayılova qrupu” işləri üzrə aralıq qətnamə qəbul edib.
Bu qrupa daxil olan işlər üzrə çıxarılan qərarlarda (4 qərar) hakimiyyətin araşdırmaçı jurnalist Xədicə İsmayılovanın şəxsi həyat və ifadə azadlığı hüquqlarını qoruya bilmədiyi, digər iki işdə isə ərizəçilərin şəxsi toxunulmazlığı ilə medianın ifadə azadlığı hüququnu adekvat qiymət verilmədiyi müəyyən edilib.
Nazirlər Komitəsi aralıq qətnaməsində Avropa Məhkəməsinin İsmayılovanın işi ilə bağlı müəyyən etdiyi hüquq pozuntularının aradan qaldırılması üçün təcili olaraq irəliləyiş əldə edilməli olduğunu vurğulayıb.
Ümilikdə isə Komitə hökuməti jurnalistlərin müdafiəsi üçün effektiv tədbirlər görməyə, media nümayəndələrinə qarşı hücumların səmərəli şəkildə araşdırılmasını təmin etməyə çağırıb.
Bundan əlavə, Komitə yenidən Azərbaycanın media qanununun Avropa Şurasının standartlarına uyğunlaşdırılması üçün konkret addımlar atılmasına çağırıb.
Nazirlər Komitəsi əvvəlki qərarlarında Azərbaycan hakimiyyətini jurnalistlərə öz ifadə azadlığı hüquqlarından istifadə etmək imkanı verən əlverişli mühit yaradılması və “Media haqqında” qanunun Avropa Şurası standartlarına tam uyğunlaşdırılması istiqamətində konkret tədbirlər planı hazırlamağa və təqdim etməyə dəvət etmişdi.
Hökumət iclasın gündəliyində olan digər işlərlə bağlı məlumatlar təqdim etsə də, bu qrup işləri üzrə heç bir informasiya göndərməyib.
Komitə fərdi və ümumi tədbirlərlə bağlı son qərarlarında əksini tapmış sual və tələblərinin Bakı tərəfindən cavabsız qoyulmasından təəssüfünü ifadə edib.