Tramp Rusiyanı “irimiqyaslı” sanksiyalarla hədələdi
ABŞ prezidenti Donald Tramp Moskvanın Ukraynada döyüşləri dayandırmayacağı və Kiyevlə danışıqlardan imtina edəcəyi təqdirdə Rusiyanı “irimiqyaslı” sanksiyalarla hədələyib.
“Rusiyanın hazırda döyüş meydanında hücumları artırması faktına əsaslanaraq, atəşkəs və yekun sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı irimiqyaslı bank sanksiyalarını, eləcə də tarifləri ciddi şəkildə nəzərdən keçirirəm” – deyə, Tramp bildirib.
Tramp Moskva və Kiyevi “gecikmədən, elə indi” danışıqlar masasına oturmağa çağırıb.
Trampın bəyanatlarından dərhal sonra Moskva birjası indeksi demək olar ki, 1,5% ucuzlaşıb.
Bir gün əvvəl ABŞ-ın maliyyə naziri Scott Bessent Moskvanı sanksiyalarla hədələmişdi. O, məhdudiyyətlərdən “dərhal maksimum effekt əldə etmək üçün açıq və aqressiv şəkildə istifadə ediləcəyini” söylədi.