Müsavat Divanının gündəliyi
Aprelin 21-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər müzakirə edilib.
İsmayıllı rayonunda Müsavat Partiyasının zona müşavirəsi keçirilib. Müşavirədə partiya başqanının müavini Gülağa Aslanlı, MNTK üzvləri Rövşən Hüseynov və Firəngiz Hüseynova, partiyanın İsmayıllı, Ağsu, Şamaxı, Kürdəmir və Qəbələ rayon təşkilatlarının təmsilçiləri iştirak ediblər.
İclasda Tofiq Yaqublunun aclıq aksiyası və onun getdikcə ağırlaşmaqda olan səhhəti haqda məlumat dinlənilib.
Tofiq Yaqublunun apelyasiya məhkəməsinin yubadılması onun hüquqlarının pozulmasının davamı kimi qiymətləndirilib.
Qeyd olunub ki, hakimiyyət Müsavat Partiyasının bu məsələlərlə bağlı müzakirə təklifinə indiyədək cavab verməyib. Tofiq Yaqublunun hüquqlarının müdafiəsi istiqamətində tədbirlərin genişləndirilməsi və bütün səylərin koordinasiya edilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Həbsdə olan jurnalist Əvəz Zeynallının səhhətinin ağırlaşması ilə bağlı təyin olunan məhkəmə prosesi barədə məlumat verilib, onun həbsdən azad olunacağına ümid ifadə edilib.
Divan bütün siyasi məhbusların azad olunmasını və ölkədə insan haqlarının pozulması hallarına son qoyulmasını bir daha tələb edib.
İclasda regionda və dünyada baş verən proseslər, o cümlədən qonşu İran ilə Azərbaycan arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb. Müsavat Partiyasının hər zaman olduğu kimi Azərbaycanın dövlət maraqları və Güneydə yaşayan on milyonlarla soydaşımızın hüquqları və maraqları baxımından prinsipial mövqe tərəfdarı olduğu vurğulanıb.
Sonda cari məsələlər müzakirə edilib.