Güney Azərbaycanı dağılan dünyanın qəlpələrindən qorumalıyıq
Xəqani Cəfərli
İrandakı son prezident seçkilərində (Güney) Azərbaycanda doğulduğunu, milliyyətinin türk olduğunu, ailəsində farsca (İranın rəsmi dövlət dili) danışılmasını qadağan etdiyini bəyan edərək qalib gələn Məsud Pezeşkianın hər bir addımı, hər bir sözü azərbaycanlılar tərəfindən həsaslıqla izlənir. Çünki, bəşəriyyət tarixində ikinci bir belə nümunə yoxdur. Bu mənada prezident Məsud Pezeşkianın Bakıya səfərinin xüsusi həsaslıqla izlənəcəyi də gözlənilən idi.
Müşahidələrim onu göstərir ki, Məsud Pezeşkianın rəsmi dövlət protokoluna uyğun olaraq farsca danışması bəzi soydaşlarımız tərəfindən yanlış dəyərləndirilir.
Qənaətimcə, Məsud Pezeşkiandan gözləntilərimizi doğru müəyyən etmədiyimiz üçün belə hallar yaşanır və bundan sonra da yaşana bilər. Buna görə də, Məsud Pezeşkiandan gözləntilərimizi doğru müəyyən etməli və bunu güneyli-quzeyli bütün azərbaycanlıların fikirinə çevrilməsinə nail olmalıyıq.
Dağılan dünya düzəni nəhəng binanı uçurmaqdadır. Bu uşqunun qəlpələri bir çox dövlətləri dağıdacaq, bir çox xalqları isə ağır yaralayacaq.
Qənaətimçə, Məsud Pezeşkianın əsas vəzifəsi Güney Azərbaycanı dağılan dünya düzənin qəlpələrindən qorumaq olmalıdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlılar bu fikiri ifadə etməli, tarixin Məsud Pezeşkianın üzərinə qoyduğu müqəddəs vəzifənin nədən ibarət olduğunu hər imkanda ona xatırlatmalıdır.
Ümumiyyətlə isə, Güney Azərbaycanı dağılan dünyanın yaradacağı qəlpələrdən qorumaq hər birimizin vəzifəsi olmalıdır.