Müsavat Divanının gündəliyi

Aprelin 28-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyadan verilən məlumata görə, iclasda əvvəlcə 1920-ci il aprelin 27-də və ondan sonrakı dönəmdə rus-bolşevik işğalına müqavimət göstərərək şəhid olan 48 min soydaşımızın xatirəsi sayğı duruşu ilə yad edilib. Azərbaycanda 5-ci kalon tərəfindən tarixi təhrif etmək və işğal faktını unutdurmaq cəhdlərinin əbəs olduğu vurğulanıb. Rusiyanın Ukraynaya qarşı təcavüzü fonunda mayın 9-da Moskvada keçiriləcək hərbi paradda bir sıra avtoritar liderlərlə yanaşı Azərbaycanın da dövlət başçısının iştirakı yanlış və ölkəmizin maraqları baxımından ziyanlı siyasi addım kimi qiymətləndirilib.

Daha sonra görülən işlər və rayon təşkilatlarında baş tutan yığıncaqlar barədə məlumat verilib.

Ötən həftə jurnalist Əvəz Zeynallı səhhətində yaranmış ciddi problemlərə görə həbsdən azad edilib. Divan Əvəz Zeynallının həbsdən azad edilməsini düzgün addım kimi qiymətləndirib. Hazırda həbsxanada aclıq aksiyası keçirən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun, səhhətində ciddi problemlər olan Ələsgər Məmmədli və digər ictimai fəallar başda olmaqla, bütün siyasi məhbusların azad olunmasının zəruri olduğu vurğulanıb.

İclasda Tofiq Yaqublunun aclıq aksiyası barədə məlumat dinlənilib. Səhhətində ciddi problem yarandığı üçün, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb. Mayın 6-da saat 12:30-da Tofiq Yaqublunun apelyasiya şikayətinə baxılacağı bildirilib.
Qeyd edilib ki, Müsavat Partiyasının Tofiq Yaqublu və həbsdə olan digər ictimai-siyasi fəallarla bağlı müzakirə təklifinə hakimiyyət indiyədək cavab verməyib.

İclasda həmçinin regionda və dünyada baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlərə baxılıb.