Müsavat beynəlxalq birliyə müraciət etdi
Bu gün Müsavat Divanının növbədənkənar iclası keçirilib.
.
İclasda Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi təxribatdan sonra Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar müzakirə edilib.
.
Cəbhə xəttində müvcud durumla bağlı son məlumatlar dinlənib. Müsavat Partiyasının milli ordumuzun yanında olduğu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizəyə hər cür dəstək verməyə hazır olduğu vurğulanıb.
.
İclasda cəbhə xəttində yaranmış son durumla bağlı Müsavat Partiyasının beynəlxalq birliyə müraciət etməsi barədə qərar qəbul olunub. Müraciətdə qeyd edilir ki, beynəlxalq təşkilatlar və demokratik prinsiplərə əsaslanan aprıcı dövlətlər Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həlli istiqamətində səy göstərməlidirlər.
.
“Dağlıq Qarabağ həm tarixi, həm siyasi-hüquqi baxımdan Azərbaycan ərazisidir. Bütün beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Buna rəğmən Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini işğal altında saxlamaqdadır” – deyə, sənəddə vurğulanır.
.
Müraciətdə deyilir ki, Dağlıq Qarabağda yaşayan ermənilər, o ərazidə yaşayan azərbaycanlıları öz ata-baba yurdlarından qovub: “Dağlıq Qarabağda etnik təmizləmə siyasəti həyata keçirilib. Dağlıq Qarabağ ətrafında ermənilərin heç vaxt yaşamadığı daha 7 rayon işğal edilib. Bu ərazi Dağlıq Qarabağ ərazisindən 3 dəfə çoxdur. Bu ərazilərdə yaşayan 500 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından qovulub, 30 ilə yaxındır ki, məcburi köçgün həyatı yaşayır”.
.
“BMT-nin Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam olaraq və qeyd-şərtsiz çıxarılması barədə 4 qətnaməsi yerinə yetirilmir. Rusiyanın Ermənistan ərazisində olan hərbi bazalarının köməyinə arxalanan Ermənistan beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyü və işğal altından olan ərazilərin azad edilməsi tələblərinə məhəl qoymur. Ermənistan silahlı birləşmələri zaman-zaman Azərbaycan ərazisində əsgər və zabitlərimizi, mülki əhalini qətlə yetirir. Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürür” – deyə, sənəddə vurğulanır.
.
Müsavat Partiyası bəyan edir ki, ölkənin bütün ərazisində Azərbaycanın suveren hüquqlarının təmin edilməsi, öz ölkəsi ərazisində məcburi köçgün həyatı yaşayan yüz minlərlə vətəndaşımızın öz doğma yurdlarına qaytarılması dövlətimizin və millətimizin haqqıdır.
.
Müsavat Partiyası beynəlxalq birliyi Ermənistanın işğalçı siyasətə son qoyması üçün təsirli tədbirlər görməyə çağırır.
.
Basta