Bakı Apellyasiya Məhkəməsində Tofiq Yaqublunun şikayətinə baxış başlayıb
Bazar ertəsi, sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə müxalif siyasi xadim Tofiq Yaqublunun Nizami rayon Məhkəməsinin hökmündən şikayətinə ilkin baxış başlayıb.
.
Vəkillər Tofiq Yaqublunun avtomobilinin, mobil telefonunun qaytarılması və işin Nizami rayon Məhkəməsinə qaytarılması ilə bağlı vəsatətlər verib. Məhkəmə vəsatətlərdən yalnız birini işin müdafiə tərəfinin tanış olması üçün Nizami rayon Məhkəməsinə qaytarılması barədə vəsatəti təmin edib.
.
“Biz Nizami rayon Məhkəməsinin hökmü ilə tanış olmamışıq, hökmə qeydlər etməmişik. Bu səbəbdən işin yenidən Nizami rayon Məhkəməsinə qaytarlılması barədə vəsatət qaldırdıq. Məhkəmə yalnız bu vəsatəti təmin etdi”, deyə vəkil Aqil Layıcvov “Amerikanın Səsi”nə bildirib.
.
Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.
Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.
Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.
17 gün aclıqdan sonra, sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi hakim Elmar Rəhimovun sədrliyi ilə Nizami Rayon Məhkəməsinin Tofiq Yaqublu barədə həbs qətimkan tədbiri haqqında qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəkillərin vəsatətini təmin edib. Yaqublu məhkəmə zalından sərbəst buraxılıb.
.