Müsavat Divanından azadlıq tələbi
İyunun 23-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə Məclisin bir gün öncə keçirilən sessiyasının nəticələri barədə fikir mübadiləsi aparılıb. Sessiyada səmərəli müzakirə aparıldığı və önəmli qərarların qəbul edildiyi bildirilib. Qərarların icrası ilə bağlı tapşırıqlar verilib.
Daha sonra Müsavat Məclisinin sədri Arif Hacılı Avstriya Xarici İşlər Nazirliyinin dəvəti ilə Vyanaya səfəri və orada keçirilən müzakirə barədə barədə məlumat verib.
Partiya başqanı İsa Qəmbər iyunun 19-da Səxavət Soltanlı və Mustafa Hacıbəyli ilə birgə Tbilisiyə səfəri və beynəlxalq konfransda iştirakı barədə məlumat verib.
Hər iki tədbirdə erməni təbliğatına qarşı prinsipial mövqe qoyulduğu, Müsavat rəhbərliyinin Azərbaycanın maraqlarını yüksək səviyyədə müdafiə etdiyi bildirilib.
Arif Hacılı, Gülağa Aslanlı və Razim Əmiraslanlı Britaniya səfirliyinin təşkil etdiyi bayram tədbirində iştirak ediblər.
Divan üzvü Mirbaba Babayev “Toplum TV” işi üzrə məhkəmə prosesi haqda məlumat verib. İyunun 23-də keçirilən prosesdə Müsavat Partiyasının bir qrup fəalı iştirak ediblər. Məhkəmədə ittiham aktı elan edilib, təqsirləndirilən şəxslər ittihamları qəbul etmədiklərini bildiriblər. Məhkəmə iyunun 30-dək təxirə salınıb.
“AbzasMedia işi” üzrə məhkəmədə yeddi jurnalistin 9 ilədək müddətə azadlıqdan məhrum edilməsi ölkədə söz azadlığına və insan hüquqlarına qarşı basqıların davamı kimi qiymətləndirilib.
Müsavat Divanı partiyanın üzvü olan Tofiq Yaqublu, Şəmşad Ağa, Qoşqar Nuralı, Ələddin Ələsgərli və Cabir Vəliyev də daxil olmaqla, bütün siyasi məhbusların azad olunmasını və ölkədə repressiyaların dayandırılmasını bir daha tələb edir.
İyunun 24-də saat 12:00-da mərhum prezident Əbülfəz Elçibəyin doğum günü ilə bağlı onun məzarının ziyarət olunması qərara alınıb. Saat 14:00-da isə Müsavatın qərargahında “İsrail-İran müharibəsi və Güney Azərbaycan” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Ölkədə, regionda və dünyada cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə edilib.