İranla İsrail arasında 12 günlük müharibə başa çatdı
İran dövlət televiziyası çərşənbə axşamı səhər saatlarında İsraillə hərbi münaqişədə atəşkəsin başladığı barədə məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi X sosial şəbəkəsindəki səhifəsində yerli vaxtla səhər saat 4-də İran ordusunun hərbi əməliyyatlarının dayandırıldığını açıqlayıb.
Bir neçə saat əvvəl ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında “tam atəşkəs haqqında” razılığın əldə edildiyini açıqlamışdı. Prezident Tramp əlavə edib ki, saziş yaxın saatlarda hər iki tərəf daha əvvəl başlatdıqları hərbi əməliyyatları başa vurduqdan sonra qüvvəyə minəcək.
Çərşənbə axşamı səhər tezdən İsrail ordusunun sözçüsü İsrailin İran daxilindəki hədəflərə hava zərbələri endirməyə davam etdiyi bir vaxtda atəşkəs barədə xəbərləri şərh etməkdən imtina edib.
“New York Times” qəzetinin yazdığına görə, tərəflər arasında atəşkəs Qətərin vasitəçiliyi ilə əldə edilib
Bir gün əvvəl İsrail rəsmiləri İrana qarşı döyüşlərin tezliklə bitə biləcəyinə eyham vurmuşdular. Bazar günü İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrail hərbi məqsədlərinə çatmağa “çox, çox yaxındır”.