Ağalarovun borcu ilə Yekaterinburq olayının nə əlaqəsi – Bizim şərh
Rusiyada Azərbaycan əsilli milyarder Araz Ağalarovun borcuna görə inzibati icraata başlanılıb.
Bu haqda Rusiya mediasında məlumat yayılıb.
Borcluların federal reyestrinə istinadən yayılan məlumatda bildirilir ki, Rusiyanın Federal Məhkəmə İcraçıları Xidməti Ağalarova qarşı inzibati icraata iyunun 26-da başlayıb. Bu haqda icra vərəqəsi isə mayın 7-də Moskvanın Presnya Rayon Məhkəməsi tərəfindən verilib.
Qeyd edək ki, inzibati icraat məhkəmə icraçısının borclunun kreditorlar qarşısında öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün tətbiq etdiyi prosedurdur. Bu prosedurdan borclu öz borclarını ödəməkdən imtina etdiyi halda istifadə olunur.
Rusiya mediasında Araz Ağalarovun oğlu Emin Ağalarovun da vergi borcları haqda məlumatlar yayılıb. Hələlik nə Araz Ağalarov, nə də oğlu Emin Ağalarov bu məlumatları şərh ediblər.
Bizim şərh
Araz Ağalarov Rusiyanın nəhəng şirkətlər qrupu olan “Crocus Group”un sahibidir. “Forbes”in hesablamalarına görə 2020-ci ildə azərbaycanlı iş adamının sərvəti 1,7 milyard dolları keçib və o, “Rusiyanın 200 ən zəngin iş adamı” reytinqində 55-ci yeri tutub.
Hazırda Ağalarovlar Azərbaycanda “Seabriz” layihəsinin icrası ilə məşğuldurlar.
Ağalarovların Rusiyada vergi və digər strukturlara borcu barədə iddiaların və hətta məhkəmə qərarlarının nə dərəcədə əsaslı olduğunu söyləmək çətindir, çünki Rusiya hüquqi dövlət deyil. Lakin bir məsələ dəqiqdir ki, Rusiyada varidat sahibi olan Ağalarovun Azərbaycana sərmayə qoyması ölkəni qanunlarla yox, “ponyatka” anlayışı ilə idarə edən Vladimir Putinin xoşuna gələ bilməzdi.
İyunun 26-da Araz Ağalarovun barəsində borca görə inzibati icraata başlanılıb. İyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində iki azərbaycanlının vəhşicəsinə öldürülməsi, bir necə soydaşımızın isə yaralanması və həbsi ilə nəticələnən əməliyyat keçirilib. Hər şeyin bir nəfər tərəfindən idarə olunduğu Rusiyada bu iki önəmli hadisənin üst-üstə düşməsinin təsadüf olması inandırıcı deyil.
Putinə, Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək üçün vəsait lazımdır. İstisna deyil ki, belə bir durumda azərbaycanlı iş adamının borcunu ödəmək əvəzinə, Bakıda elit yaşayış və biznes kompleksi tikdirməsi Putini hiddətləndirib və o, qəzəbinin hamı tərəfindən dərk edilməsi üçün azərbaycanlılara qarşı səs-küylü, hətta ölümlə nəticələnən əməliyyat keçirmək tapşırığını verib. Əgər bu ehtimal doğrudursa, Putin Yekaterinburqdakı qanlı əməliyyat ilə Ağalarovlara “sizi öldürərəm” mesajını çatdırmaq istəyib, Azərbaycanın sərt reaksiyasından sonra isə bu hadisə beynəlxalq miqyas alıb…
Mustafa Hacıbəyli