Müsavat Divanının gündəliyi
İyulun 14-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib. Müsavat Partiyası Gənclər Təşkilatının yığıncağına hazırlıqla bağlı tapşırıqlar verilib.
İctimai-siyasi vəziyyət bölümündə “Toplum TV işi” üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi barədə məlumat verilib.
Qeyd olunub ki, İllik Qlobal İfadə Hesabatına əsasən, 2025-ci ildə Azərbaycanda ifadə azadlığı daha da məhdudlaşıb. Azərbaycan bu cədvəldə 6 balla 161 ölkə arasında 144-cü yerdə qərarlaşıb. Ölkə ifadə azadlığının “böhran vəziyyətində” olduğu kateqoriyaya daxildir. Azərbaycanın qonşuları olan Gürcüstan 56 balla 77-ci, Ermənistan 67 balla 59-cu sırada qərarlaşıb. Türkiyə siyahıda 9 balla 137-ci, Rusiya 3 balla 151-cidir. Ölkədə söz və ifadə azadlığına qarşı basqıların dayandırılması, jurnalistlərin azadlığa buraxılması bir daha tələb edilib.
Divanda işgaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşması, doğma yurduna qayıtmış və qayıtmaq istəyən insanların problemləri müzakirə olunub. Mövzunun daimi diqqətdə saxlanılması zərurəti qeyd edilib.
Divanın iclasında Azərbaycan və Ermənistan dövlət başçılarının əvvəlcə İstanbulda prezident Ərdoğanla görüşləri, daha sonra Abu Dabidə aparılan ikitərəfli sülh danışıqları haqda fikir mübadiləsi aparılıb. Sülh sazişinin imzalanması prosesinin sürətlənməsinin məqsədəuyğunluğu qeyd edilib.
Sonda cari məsələlər müzakirə olunub.