Qadının “sağılmaq taleyi”, yoxsa təhsil rəhbərinin dilindəki rəzillik

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin son çıxışı cəmiyyətin, xüsusilə də qadınların ictimai statusuna və təhsil sektorunun etikasına vurulan açıq zərbədir. “İnəyin taleyi elədir ki, onu gec-tez öldürəcəklər. Sağılan inəyin taleyi daha ağırdır… Qadınlar məni anlayar” – bu ifadəni sıradan bir vətəndaş yox, dövlət təhsil sisteminə illərlə rəhbərlik edən bir qadın səsləndirir.

Bu nə zarafatdır, nə sarkazm, nə də uğursuz bənzətmə. Bu, qadına, onun əməyinə, cəmiyyət içindəki yerinə qarşı zərif görünümlü, lakin dərin və rəzil bir təhqirdir. Və ən acınacaqlısı budur ki, bu sözlər məhz bir qadının dilindən gəlir. Sanki patriarxal sistemin qəliblərinə bürünmüş, cəmiyyətə qadının “faydalılığını” yalnız bioloji funksiya üzərindən izah etməyə çalışan məmur, öz mövqeyindən qadına qarşı yönəlmiş təhqiri legitimləşdirir.

Məleykə Abbaszadə kimdir? Onillərlə təhsilin başında dayanmış, minlərlə tələbənin taleyinə təsir edən qərarların arxasında durmuş bir fiqur. Onun ictimai məsuliyyəti sadəcə idarəçilikdə yox, həm də çıxışlarında, simvolik davranışlarında gizlidir. Belə bir şəxs qadını “sağılan inək” metaforası ilə təqdim edirsə, bu təkcə şəxsi kobudluq deyil, dövlətin təmsil etdiyi dəyərlərin iflasıdır.

Gender bərabərliyindən, qadın hüquqlarından danışdığımız bir zamanda belə bir fikrin səslənməsi bütün maarifləndirmə səylərinə zərbə vurur. On illərlə qadınların izzət və ləyaqəti uğrunda aparılan mübarizə, bir mətbuat konfransında bir məmurun ironiyası altında ayaq altına atılır.

Unudulmamalıdır: Azərbaycan Respublikasının “Gender bərabərliyinin təminatları haqqında” Qanunu dövlətin qadın və kişilər arasında sosial və mədəni bərabərliyi qoruma öhdəliyini açıq şəkildə bəyan edir. Amma bu gün qanunun ruhuna zidd olaraq, yüksək çinli bir qadın təmsilçi öz dili ilə cəmiyyətin yarısını təhqir edir.

Təhsil sahəsində illərlə yaşanan problemlər – məktəblərdəki haqsızlıqlar, etiraz doğuran suallar, şəffaflıq böhranı bir yana, bu gün artıq əxlaq, dəyər və etik davranış problemi ilə üz-üzəyik. Əgər təhsili təmsil edən qurumun başçısı bu qədər məsuliyyətsiz açıqlama verirsə, bu təkcə onun deyil, bütün sistemin mənəvi çökməsidir.

Qadın olmaq yalnız bioloji yox, sosial və siyasi kimlikdir. Sağılmaq yox – danışmaq, susdurulmaq yox -qərar vermək haqqıdır. Biz qadınlar inək deyilik. Biz bu ölkənin dirəyiyik – yalnız doğub böyütməyimizlə yox, düşüncəmiz, mövqeyimiz və dəyişiklik istəklərimizlə.

Bu çıxışa görə dərhal ictimai üzrxahlıq verilməli, Dövlət İmtahan Mərkəzinin rəhbəri işlətdiyi təhqiramiz ifadəyə görə məsuliyyət daşımalıdır. Cəmiyyətin sükutu bu cür zərərli ritorikaların artmasına şərait yaradır. Qadınlara qarşı belə açıq-aşkar təhqiri “məzə” saymaq olmaz.

Sonda isə bir sual: əgər bu cür bənzətməni kişi məmur etsəydi, cəmiyyət necə reaksiya verərdi?…
– Elə isə qadın məmurun ifadəsini də eyni ciddiliklə qiymətləndirməyə borcluyuq. Çünki problem ifadənin cinsi yox, onun arxasında dayanan məmur münasibətidir. Bu, təkcə bir şəxsin dili ilə deyil, bütöv bir sistemin düşüncə tərzi ilə bağlıdır. Susqunluq isə bu münasibətin davamlılığını təmin edir. Təhsildə, idarəetmədə və gündəlik həyatımızda yer alan kobudluq, saymazlıq və məsuliyyətsizlik beləcə normaya çevrilir. Biz isə ya buna alışır, ya da bu sistemi öz susqunluğumuzla möhkəmləndiririk.

Könül Alı:
Gender hüquqları müdafiəçisi,
Müsavat Partiyası Məclisinin Gender Komissiyasının rəhbəri, Divan üzvü