Milli Mətbuat Günündə süfrə başına çağırıldınsa…

Könül Alı

Mətbuata belə yanaşma təbrik deyil, söz almaqdır, formalaşdırılmış sükutun diplomatiyasıdır.

Hər il 22 iyul – Milli Mətbuat Günü ərəfəsində eyni ritual təkrar olunur: bəzi qurumlar və şirkətlər “ən yaxşı jurnalistləri” süfrə başına yığır, paketlər, sertifikatlar, simvolik hədiyyələr təqdim edilir. Jurnalistlərlə bir masada yemək yeyir, şəkil çəkdirir, təşəkkür statusları yazır. Sosial şəbəkələr süni bir “təbrik ab-havası” ilə dolub-daşır. Əksəriyyət bunu xoş atmosfer, diqqət, dəyər kimi qiymətləndirir.

Amma bu mənzərə, əslində, başqa bir reallığın üzərinə örtülmüş parıltılı bir örtükdür. Bu “təbrik” deyil. Bu, söz almaqdır, vəd verməkdir. Qarşılıqlı “alış-verişdir”.

Sistem, jurnalistikanı bu cür “rəsmi münasibət”lə tərbiyələndirir. Çünki süfrəyə oturtdunsa qələmini də, mövqeyini də açıq aşkar nəzarətə verdin. Təbii ki, bunu açıq deməyə ehtiyac yoxdur. Bu, illərlə formalaşdırılmış sükutun diplomatiyasıdır.

Ən çox da narahatlıq doğuran odur ki, bu masalarda əyləşənlər içində “ən yaxşı jurnalistlər” kimi təqdim olunanlar var. Halbuki onların yazdıqları sadəcə hökumət mətnlərinin redaktəsi, press- relizlərin yayılmasından ibarətdir. Onlar üçün jurnalistika təqdimat aparıcılığı və ya rəsmilərin PR-ı deməkdir. Bunu uzun müddət davam etdirənlər “hökümətpərəst” sayılır, tədbirlərə dəvət alır, “nüfuzlu jurnalist” kimi təqdim olunurlar. Bir növ özlərini “qoruma” altında hesab edirlər.

Bu sırada cəmiyyətin diqqətindən bir həqiqət yayınır:

Ən yaxşı jurnalistlər hazırda həbsdədir, ya da mövqelərinə görə işsizdir, yaxud təqib olunur.
Onlar masa arxasında yox, barmaqlıqlar arxasındadır.
Onlara heç kim paket vermir, amma onların hər yazısı sistemin sinirlərinə toxunur.

Bu gün jurnalistikanın ən böyük problemi senzura deyil, normallaşmış rahatlıqdır. Hər şeyin “sanki elə belə olmalıdır” görüntüsü ilə təqdim olunmasıdır.

Mətbuat günü şənliklə yox, suallarla qarşılanmalıdır:
– Mətbuat azaddırmı?
– Obyektivlik qorunurmu?
– Hakimiyyəti tənqid edən jurnalist azad yaşaya bilirmi?

Əgər bu sualların cavabı “xeyr”dirsə, təbriklər də, paketlər də, süfrələrin məqsədi kifayət qədər aydındır.

Jurnalistə dəyər vermək istəyirsinizsə, onun işini çətinləşdirməyin. Onu satın almağa çalışmayın. Təzyiq göstərməyin, qorxutmayın, izləməyin. Hədiyyələr yox, toxunulmazlıq verin.

Yoxsa, süfrə başına toplanıb “mətbuat azaddır” deyənlərin yaratdığı görüntü – azad sözün ironiyasından başqa bir şey deyil.

Faktlar:

– Azərbaycan 2024-cü ildə “Sərhədsiz Reportyorlar” təşkilatının Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 164-cü yerdə qərarlaşıb. Bu, regionun ən aşağı göstəricilərindəndir.

– 10-larla jurnalist və media əməkdaşı siyasi motivli ittihamlarla həbsdə saxlanılır.

Digərləri isə uzunmüddətli “ev dustaqlığı”, “xaricə çıxış yasağı”, “şərti azadlıqdan məhrumetmə” kimi basqılarla qarşı-qarşıyadır.