Zəfər Əhmədovun evində axtarış aparılıb
İyulun 17-də səhər saat 7-də hüquq müdafiəçisi Zəfər Əhmədovun evində axtarış aparılıb. Bu haqda o, özünün feysbuk səhifəsində məlumat yazıb.
“Yaşadığım evə baş prokurorluğun müstəntiqi, altı nəfər əməliyyatçı və iki hal şahidi gəlib Binəqədi məhkəməsinin orderini göstərərək axtarış apardı. Evdəki bütün telefon və kompüterlər, (o cümlədən yaxın qohumların da) götürüldü, Fuadı və məni baş prokurorluğa apardılar, bir-iki saat illər öncə açılmış və artıq bitmiş saydığımız, bizə dolayısı ilə də dəxli olmayan “cinayət işi” ilə bağlı şahid qismində dindirmədən sonra 18:00-a kimi saxlayıb buraxdılar. Elektron cihazları bu gün saat 15-də götürdüm, hələ də işlək vəziyyətə gətirməklə məşğuluq” -deyə, Zəfər Əhmədov bildirib.
“1. Şahidin evində axtarış aparılmır.
2. Fuadı bu gün saat 10:30-da min bir əziyyətlə tapdığı və həvəslə işlədiyi işindən azad etdilər.
3. Axtarış və saxlanma müddətində korrekt münasibətlərinə görə əməliyyatı aparan şəxslərə minnətdarlığımı bildirirəm.
Olaydan məlumatı olan və narahat olan bütün şəxslərə təşəkkür edirəm. Bildiyim və dostlarımızın təhlükəsizliyi naminə yaza bildiyim hər şeyi yazdım, əlavə suallara cavabım yoxdur” – deyə, hüquq müdafiəçisi qeyd edib.