Tramp azyaşlılara təcavüzdə ittiham olunan Epşteynlə 15 il dost olub
ABŞ Prezidenti Donald Tramp və azyaşlılara təcavüzdə ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteyn 15 ilə yaxın dost olublar.
Oxu.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Onlar təxminən 1990-cı ildə, Epşteyn Trampın Floridadakı Mar-a-Laqo malikanəsinin yaxınlığında ev aldıqda tanış olublar. Onlar müntəzəm olaraq ünsiyyət qurur, bir-birlərini ziyarət edir, modellərin dəvət olunduğu şənliklər və şam yeməyi təşkil edirdilər.
Dostluq təxminən 2004-cü ildə sona çatıb. Münaqişənin səbəbi isə həm Tramp, həm də Epşteynin Floridadakı Palm Biçdə malikanə almaq istəyi olub. Tramp bu mübahisədən qalib çıxıb və mülkü 41 milyon dollara alıb.
Trampın özü daha sonra ətrafına bildirib ki, Epşteyndən uzaqlaşmaq üçün başqa səbəb var. Belə ki, o, Mar-a-Laqo klubunun üzvlərindən birinin qızı ilə özünü nalayiq aparıb.
Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. O, həmin il avqustun 10-da həbsxana kamerasında intihar edib. İntihar versiyasına şübhə ilə yanaşanlar, onun çoxlu sirlər bildiyi üçün aradan götürüldüyünü iddia edirlər.
Daha əvvəl Tramp və Epşteynin azyaşlı qızlarla qumarxanalara getdikləri məlum olum
ABŞ Prezidenti Donald Tramp və keçmiş maliyyəçi Cefri Epşteyn azyaşlı qızlarla qumarxanaya gediblər.
Oxu.az xəbər verir ki, bu barədə CNN telekanalına 1987-1990-cı illərdə ABŞ liderinin yanında işləmiş “Trump Plaza, Hostel və Casino” şirkətinin baş direktoru Cek O’Donnell məlumat verib.
Onun sözlərinə görə, Tramp və Epşteyn bir dəfə bazar günü gecə saat 1:30-da gəliblər.
“Bilirsiniz, iki yoldaş idi. Yanlarında üç qadın vardı”, – deyə o qeyd edib.
Cek O’Donnell əlavə edib ki, həmin vaxt Qumar Oyunlarına Nəzarət Komissiyası onları gözləyib və qızların kazinoya daxil olmaq üçün çox gənc olduqlarını öyrəniblər. Qızların yaşı 19 olub və nəticədə onlar saxlanılıblar.