3 güneyli siyasi məhbus Kəşfiyyat İdarəsində dindirilib

 

Tehranın Evin Həbsxanasında saxlanılan üç türk məhbus həmin həbsxananın Kəşfiyyat İdarəsinin istintaq təcridxanasına köçürülərək 3 saat müddətində dindirilib.

 

Bölgədə fəaliyyət göstərən insan hüquqları müdafiəçilərinin yaydığı məlumata görə, Evin Həbsxanasında saxlanılan Siyamək Mirzayi, Kiyanuş Aslani və Tovhid Əmir Əmini həmin həbsxananın 209 saylı Kəşfiyyat Nazirliyinin istintaq təcridxanasına köçürülərək 3 saat müddətində sorğu-suala çəkilib.

 

Evində saxlanılan güneyli siyasi məhbusların Abbas Lisaninin aclıq aksiyasına başlamasının ardından ona dəstək vermək məqsədilə aclığa başladıqları ilə əlaqədar dindirildikləri bildirilir.

 

İyunun 16-da Siyamək Mirzayi, Tovhid Əmir Əmini və Kiyanuş Aslani, bir neçə saat dindirildikdən sonra palatalarına qaytarılıb.

 

Abbas Lisani iyunun 12-də həbsxana rəsmiləri tərəfindən tətbiq edilən təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başladıqdan sonra həmin həbsxanada və Tehranın Evin həbsxanasında saxlanılan 7 türk siyasi məhbus da aclıq aksiyasına başlamışdılar.

 

Ərdəbil həbsxanasında saxlanılan 4 siyasi məhbus və Evin həbsxanasında saxlanılan 3 digər azərbaycanlı məhbus da iyunun 14-dən aclıq aksiyasına başlayacaqlarını bildirmişdilər.

 

Ərdəbil Həbsxanasının rəsmiləri Abbas Lisaninin aclıq aksiyasına başlamasından 2 gün sonra siyasi məhbusun qanuni istəklərini yerinə yetirəcəklərinə söz veriblər. Ərdəbil Həbsxanasının səlahiyyətliləri Lisaninin istəklərini qəbul etdikdən sonra siyasi məhbus aclıq aksiyasına son verib.

 

Dinc fəaliyyətlərindən dolayı 15 il həbs cəzasına məhkum olan Lisani təhlükəli və ağır cinayətlərdən məhkum olan şəxslərin siyasi məhbuslarla bir kamerada saxlanılması və məhkumların cinayətlərə görə ayrı saxlanılma qanununa riayət edilmədiyinə etiraz məqsədilə aclıq aksiyası keçirməyə başlamışdı.

 

Amerikanın səsi