Çin Rusiyanı Moskoviyaya çevirir

Xəqani Cəfərli

Rusiyanın siyasi hakimiyyəti vətəndaşlarını, xüsusilə etnik rusları Rusiyanın Moskvoviyaya çevrilmə təhlükəsi ilə qorxudur. Ukraynaya geniş miqyaslı hərbi müdaxilədən bir neçə ay öncə, 2021-ci ilin dekabrında Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə onlayn görüşdə islahatların zəruriliyi ilə bağlı kinorejissor Aleksandr Sokurovun sözlərinə qəzəbli reaksiya verərək Rusiyaya qarşı 2000 ərazi iddiasının olduğunu, NATO-nun Rusiyanı Moskvoviyaya çevirmək istədiyini bildirmişdi.

Qərbin Rusiyanı Moskvoviyaya çevirmək niyyətində olduğunu Putindən sonra 2023-cü ilin yanvarında o zaman Təhlükəsizlik Şurasının katibi olan Nikolay Patruşev bəyan etdi.
Qərbin Rusiyanı Moskvoviyaya çevirmək niyyətini sübut edəcək hər hansısa bir dəlil, sübut yoxdur. Ancaq Rusiyanın Ukraynaya qarşı müharibədə məruz qaldığı fəlakətli itgilərdən və Qərblə qarşıdurmasından sui-istifadə edən Çin Rusiyanı Moskvoviyaya çevirməyə başlayıb.

Rusiyanın şərq bölgələrində, İrkutsk vilayətindən Primorsk diyarına kimi ərazinin iqtisadiyyatı tamamilə Çindən asılı vəziyyətə düşüb. İrkutsk vilayətinin xarici ticarətində Çinin payı 68 faiz, Primorsk diyarının xarici ticarətində payı 90 faizdir.

İrkutsk vilayətindən Primorsk diyarına qədər ərazidə hərbi qüvvələrin şəxsi heyyəti bir neçə faizə qədər azalıb. Rusiyanın ümumi ərazsinin 40 faizini təşkil edən Uzaq Şərq Federal Dairəsini xarici müdaxilədən, ilk növbədə Çindən qorumalı olan əsas hərbi birliklər, 5-ci, 29-cu, 35-ci və 36-cı ümumqoşun orduları, eləcə də 68-ci Ordu Korpusunun 100.000 nəfərlik qrupu hazırda Ukraynaya qarşı müharibəyə cəlb edilib. Çox ağır itgilər verən bu orduların Çinin nəhəng quru qoşunlarına qarşı bir neçə saat müqavimət göstərəcək gücü belə qalmayıb.

Ərazisi təxminən 7 milyon kvadrat kilometr olan Uzaq Şərq Federal Dairəsininin sakinlərinin sayı 8 milyon, bu ərazidə məskunlaşmış Çin vətəndaşlarının sayı nə az, nə çox, bir milyon yarımdır. Demək olar ki, onların hamısı 20-50 yaş arası sağlam kişilərdir. Həmin 1.5 milyon çinlinin yaşadıqları əraziyə silah daşıdıqlarını təsdiq edən videolar YouTube-da “narazı sibirlilər” tərəfindən 2014-2018-ci illərdə çox paylaşılıb.

On minlərlə çinli Amur və Yəhudi Muxtar Vilayətlərində, eləcə də Primorsk Diyarında düyü və soya becərirlər. Bu bölgələrdə çinlilərin icarəyə götürdüyü torpaqlar bütün yerli kənd təsərrüfatı təyinatlı torpaqlarının yarısından çoxdur. Zabaykalsk diyarında çinlilərin icarəyə götürdüyü torpaq sahəsi Krımın ərazisindən üç dəfə böyük olmaqla 76 000 kvadrat kilometrə çatıb. Çinlilər əsasən bu ərazidə Çinə göndərmək üçün ağacların kəsilməsi ilə məşğul olurlar.

Tədqiqatçılar hesab edirlər ki, yerli hakimiyyət orqanları Çin tərəfindən satın alınıb. Saxa-Yakutiya Respublikasının başçısı Aysen Nikolayevin 2018-ci ildən başlayaraq hər altı aydan bir Çinin Xabarovskdakı baş konsulu ilə görüşdüyü və ona hesabat verdiyini Rusiyanın rəsmi dairələrində hər kəs yaxşı bilir. Amur vilayətinin qubernatoru Vasili Orlov Moskvadan daha çox Pekinin “adamı” hesab olunur. Çin dilində də çıxışlar edən qubernatorun əmrinə uyğun olaraq sentyabr ayının ilk günündən Amur vilayətinin bütün orta məktəblərində Çin dilində siniflər yaradılıb. Həmin siniflərdə Çindən gəlmiş müəllimlər özləri ilə gətirdikləri dərs vəsaiti əsasında dərs keçirlər. Buryatiyanın başçısı Aleksey Tsydenov, Zabaykalsk diyarının qubernatoru Aleksandr Osipovun da Çinin regionda mövcudluğunu genişləndirmək üçün hər şeyi etdiyini Moskvanın siyasi dairələrində bilməyən yoxdur. Bütün bunlar Kremlə tam bəlli olsa da, Putin onları vəzifədən kənarlaşdırmaqdan qorxur. Çünki, bunula Çini qəzəbləndirəcəyini bilir. Çinin qəzəblənməsi isə Rusiya üçün Qərbin sanksiyalarından daha qorxuludur. Çünki, Rusiya 2023-cü ildən Çinin vassalına çevrilib.

Bu qənaəti təsdiq edən ən bariz dəlillərdən biri də Çinin Təbii Sərvətlər Nazirliyinin 2023-cü ildə tətbiq etdiyi xəritə toponimikası ilə bağlı yeni qaydalara əsasən rəsmi toponimik xəritələrdə Rusiyanın Şərq hissəsindəki bir çox şəhər və ərazilərinin Çin adları ilə əvəzlənməsinə Moskvanın etiraz etməkdən çəkinməsi oldu. Rusiyanın Çindən asılılığı o qədər artıb ki, Moskva Vladivostokun Haishenwai (Dəniz Xiyar Körfəzi kimi tərcümə olunur), Saxalin adasının isə Kuedao, Blaqoveşensk şəhərinin Hailanpao, Xabarovsk şəhərinin Boli, Ussuriyskin Şuanqçenzi adlandırılmasına etiraz etməyə də özündə cəsarət tapmadı.

Bir neçə gün öncə, sentyabrın 3-də Vladivostokda keçirilmiş Şərq İqtisadi Forumuna Çinin yüksək rütbəli rəsmilərindən bir nəfər də iştirak etmədi. Halbuki, 2015-ci ildə keçirilən Forumda Çinin dövlət başçııs Si Cinpin şəxsən iştirak etmişdi. İndi isə Çin hökumətinin rəsmiləri nümuişkaranə sürətdə Putinin şəxsən iştirak etdiyi Forumu baykot edir, bununla sanki bur ərazilər üzərində Moskvanın hakimiyyətini tanımadıqlarını nümayiş etdirirlər.

İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı Pekinin Tiananmen meydanında təşkil olunan hərbi paradda Çinin “əzələ nümayişi” də ilk öncə Rusiyanı qorxutmağa yönəlib. Məlum olduğu Çin ərazisi beş hərbi əməliyyat dairəsinə bölünüb. Bu hərbi əməliyyat dairələri arasında Rusiya istiqamətinə cavabdeh Şimal Komandanlığı ən güclü hərbi birləşmə sayılır. Şimal Komandanlığının sərəncamındakı çoxsaylı ordu birliklərinin canlı qüvvəsinin dəqiq sayı məlum deyil. Bu hərbi sirr olduğu üçün, heç bir açıq mənbədə əsgər və zabitlərin sayı barədə dəqiq məlumat yoxdur. Ancaq Şimal Komandanlığının tabeçiliyindəki Şenyan Hərbi Dairəsinin şəxsi heyyətinin 400 minə yaxın olduğunu nəzərə alanda, Rusiya ilə sərhəddə Çinin necə böyük bir hərbi güc formalaşdırdığını təsəvvür etmək çətin deyil.

Çinin qurucu lideri Mao Tszedun Rusiyanın Çinə 1.5 milyon kvadrat kilometrdən çox ərazini qaytarmalı olduğunu dəfələrlə bəyan edib. Hətta 1949-cu ildə Moskvada Stalinlə apardığı danışıqlarda Mao Çinin tələbini dilə gətirmişdi. Stalindən rədd cavabı alan Mao bu vəzifəni həyata keçirməyi özündən sonrakı nəsillərin əsas vəzifəsi olaraq müəyyən etmişdir. İndi isə belə görünür ki, Si Cinpin Rusiyanın təxminən 7 milyon kvadrat kilometrdən ibarət Uşaq Şərq Federal Dairəsini tamamilə ələ keçirməklə Çin tarixinə ən böyük dövlət adamı kimi düşmək istəyir.

Putin başda olmaqla Rusiyanın hərbi-siyasi elitasının cinayətkar axmaqlığından uğurla istifadə edən Çin hərbi üstünlüyünü təsəvvüredilməz dərəcədə artırmaqla bərabər iqtisadi cəhətdən özündən asılı salaraq Rusiyanı Moskoviyaya çevirrməkdədir. Rusiyanın bundan sonra öz gücünə bu aqibətdən xilas olmaq imkanı yoxdur.
Rusiya şəhərlərinin adlarını dəyişməkdən çəkinməyən Çin Rusiyanın ərazsinin təxminən 7 milyon kvadrat kilometr və ya 40 faizini ərazisini ələ keçirməkdə olan Çin bununla Rusiyanı Moskoviyaya çevirəcək. Elə bir vəziyyət yaranıb ki, rusların buna qarşı etiraz etməyə cəsarətləri belə qalmayıb. Çinə etiraz etməyə cəsarəti qalmayan rusların “Dərbənd İttifaqı” təxminən 10 min kvadrat kilometr olan tarixi Şimal torpaqlarımızın azad edilməsini tələb edəndə isterikası tutur. Halbuki, 10 min kvadrat kilometr torpaq Rusiya ərazisinin cəmi 0.05 faizdir.

Rusiya tarixi ədalət və gələcəkdə mehriban qonşuluq münasibətlərinin qurulması naminə Dərbənd başda olmaqıa Şimal torpaqlarımızı Azərbaycan xalqına qaytarsa, tarixinin ən doğru addımını atmış olar. Rusiya 50 milyonluq Azərbaycan xalqının rəğbətini qazanmaq istəyirsə, Dərbənd başda olmaqıa Şimal torpaqlarımızı işğaldan azad edərək sülh yolu ilə Azərbaycana qaytarmalıdır. Rusiyanın Moskoviyaya çevrilmə ehtimalı hər ötən gün daha da artığı bir zamanda gələcək münasibətlərin mehriban qonşuluğa əsaslanması üçün Moskva belə bir tarixi şansı əldən qaçırmamalı, qədim Azərbaycan torpaqlarını əsl sahibinə qaytarmalıdır.