Müsavat Divanının gündəliyi

Sentyabrın 8-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər və rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib.

Məclisin sədri Arif Hacılı ABŞ səfirliyində keçirilən görüşdə iştirakı barədə məlumat verib.

İclasda qanunsuz olaraq həbs edilmiş Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və partiyanın Biləsuvar rayon təşkilatının fəalı Cabir Vəliyevin hüquqlarının müdafiəsi ilə bağlı təkliflər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Zərdabda icra başçısının keçmis müavini Əyyub Əzizovun qanunsuz əməllərini ictimailəşdirdiyinə görə Müsavat Partiyasının üzvü Rəşad Cabbarovun təzyiqlə üzləşdiyi barədə məlumat verilib. Məhkəmədə Rəşad Cabbarovun 280 saat ictimai işə cəlb olunması haqda hökm oxunub. Müsavat Partiyasının Divanı Rəşad Cəfərovun barəsində çıxarılan hökmü sifarişli qərar kimi qiymətləndirir, qanunsuzluqlara son qoyulmasını tələb edir.

Rusiyada yaşayan soydaşlarımıza artan təzyiqlər müzakirə olunub. Qeyd edilib ki, soydaşlarımızın Azərbaycana qayıtması çağırışları fonunda quru sərhədlərin bağlı saxlanması hiddət doğurur. Divan quru sərhədlər probleminə ictimaiyyətin diqqətinin cəlb edilməsi zərurətini qeyd edib.

İşgaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşdırılması prosesinin yubandığı, Qarabağa qayıdışla bağlı hakimiyyətin öz proqramına belə əməl etmədiyi vurğulanıb.

Sentyabrın 15-də saat 12:00-də Bakının işğaldan azad olunmasının 107-ci ildönümü ilə bağlı Türk Şəhidliyinin ziyarət olunması haqda qərar qəbul edilib.

Azərbaycanla Ermənistan arasında sülh danışıqları, Ukraynada müharibə, regionda və dünyada gedən proseslər haqda fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.