Tramp Rusiyanı xilas edə biləcəkmi?

Xəqani Cəfərli

İmperiyaların çöküşünü qaçılmaz edən fundamental səbəblər əsasən üçdür: Daxili sosial ziddiyyətlərin kəskinləşməsi, texnoloji və iqtisadi gerilik, hakim elitanın zamanın çağırışlarına uyğunlaşa bilməməsi. İstər Rusiya İmperiyasının 1917-ci ildə çöküşünün, istərsə də, 1991-ci ildə Sovet İttifaqının dağılmasının əsas səbəbləri bunlar idi. Bu səbəblərin təsiri ilə çökən imperiyanın hansı tarixdə süqut etməsi isə hakimiyyət böhranın nə zaman yaranmasına bağlıdır.

Çar II Nikolayın 15 mart 1917-ci ildə kiçik qardaşı Mixail Romanovun lehinə taxt-tacdan əl çəkməsi, ancaq böyük knyaz Mixailin taxt-tacı qəbul etməməsi hakimiyyət böhranı yaratdı və Rusiya imperiyası dağıldı. Prezident Mixayıl Qorbaçova qarşı 19 avqust 1991-ci yüksək vəzifəli dövlət rəsmilərinin başlatdığı qiyam SSRİ-də hakimiyyət böhranına səbəb oldu və imperiya dağıldı.

Rus xalqının tarixdə qurduğu üç imperiyanın ən zəifi hazırkı Rusiya Federasiyasıdır. Rusiya İmperiyası və Sovet İttifaqı bütün parametrlərə görə Rusiya Federasiyasından daha güclü olub. Hər iki imperiyanın çöküşünə səbəb fundamental səbəblər hazırkı Rusiyada daha kəskin müşahidə olunur.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ((WIPO) təqdim etdiyi İnnovasiyaların İnkişafı İndeksində Rusiya 139 ölkə arasında 60-cı yer alaraq Estoniya, Latviya, Litva, Gürcüstan və Ermənistan geridə qalıb. Russiyanın xalı reytinq cədvəlinin lideri İsveçrənin xalının (66) yarısından da azdır. Rusiyanın Vyetnamdan da geri qalması vəziyyətin nə yerdə olduğunu göstərir. Belə bir acınacaqlı vəziyyət nə Rusiya imperiyasının, nə də Sovet İttifaqının dövründə müşahidə olunmayıb.

Daxili sosial ziddiyyətlərin kəskinləşməsi ilə hakim elitanın zamanın çağırışlarına uyğunlaşa bilmədiyi çox aydın görünür. Bu isə o deməkdir ki, ilk hakimiyyət böhranında Rusiya dağılacaq. Yarımçıq “Priqojin qiyamı” Rusiyada hakimiyyətin inanılmaz dərəcədə kövrək olduğunu hər kəsə göstərdi. Onu da nəzərə almaq lazımdır ki, bu gün Rusiyada mövcud olan avtoritar rejim mütləqiyyət rejimlərinin ən zəifi hesab olunur. Rusiya İmperiyasında mövcud olan monarxiya, Sovet İttifaqında mövcud olan totalitar rejim müqavimət qabliyyətinə və yaşarlığına görə indiki avtoritar rejimdən çox güclü hesab olunur.

Rusiyanın parçalanacağı halda Çinin çox böyük ərazilər və resurslar ələ keçirəcəyi perspektivi ABŞ-ı Rusiyanı xilas etməyə vadar edir. Rusiyanın parçalanacağı halda Çinin ən azı 1.54, mötədil halda 4-5 milyon, radikal variantda 7 milyon kvadrat kilometr təbii sərvətlərlə zəngin ərazi ələ keçirəcəyi, çox nəhəng içməli su mənbələrinə sahiblənəcəyi təhlükəsi var. Bu gün Çin çox ciddi su qıtlığı ilə üzləşib. Mövcud su qaynaqları ölkənin suya olan tələbatının ancaq üçdə birini qarşılamağa çatır. İnformasiya texnologiyalarının inkişafı, süni intellektin və kriptovalyutaların tətbiqi elektrik enerjisinə tələbatı kəskin artır. Su qıtlığı isə elektrik enerjisinin artırmağa imkan vermir. Çinin 400 böyük şəhərində “su vergisi” tətbiq olunur və bu sosial ziddiyyətləri kəskinləşdirir. Ona görə də Çin üçün su ölüm-dirim məsələsinə çevrilir.

Ukraynaya qarşı müharibənin bitməsinə imkan verməyən Pekin Rusiyanın elə bir vəziyyətə düşməsini hədəfləyir ki, Çin daha çox torpaqlar ələ keçirə bilsin.

Vaşinqtonda yaxşı bilirlər ki, ABŞ-ı əsrin sonuna, ən azından 2075-ci ilə qədər Çinlə sərt rəqabət gözləyir. Çinin Rusiyanın zəngin torpaqlarını ələ keçirməsi bu rəqabəti kəskinləşdirə, hətta ABŞ-ın əleyhinə çevirə bilmə ehtimalının yüksək olmasına görə Vaşinqton Rusiyanın parçalanmasında maraqlı deyil. Lakin Putinin cinayətkar axmaqlığının nəticəsində elə bir vəziyyət yaranıb ki, ABŞ-ın bütün cəhdlərinə baxmayaraq Rusiya dağılacaq. Necə ki, 1991-ci ildə ABŞ-ın o zamankı prezidenti Corc Buşun bütün cəhdlərinə baxmayaraq Sovet İttifaqı dağıldı, Donald Trampın da cəhdlərinə baxmayaraq Rusiya hökmən dağılacaq.