Nigar Həzi: “Tofiq Yaqubluya işgəncə verirlər”
Nigar Həzi
Bir az əvvəl atayla danışdım.
Həm də bu gün vəkil Nemat Kerimli Tofiq Yaqublu ilə görüşüb.
Məlum oldu ki, hələ də karantində saxlanılır. Nə vaxt çıxarılacağı isə məlum deyil.
“Səbr et” deyib, günü-günə calayırlar. Bu gün 18 gündür ki, artıq karantindədir.
Dizindəki şiş ona dəhşətli ağrılar verir. O dərəcədə ağrılar ki, dözülməsi çox çətindir. Ağrıdan nə uzana bilir, nə də ki, otura bilir. Ata yalnız ayaq üstə durub ayağını sallayanda bir az ağrısının azaldığını dedi.
Ata bildirdi ki, mən dizimdəki problemlə bağlı müəssisə həkiminə məlumat versəm də, düz 10 gündən sonra gəlib bir iynə vurublar. Həkim Elman Abdullayev deyib ki, dizini sarı ki, isti olsun. Ata deyib bəs gətirilinən dizliyi niyə mənə verməyib geri qaytarmısınız? Həkimə özünün yaralı erməni əsirə davranışı danışıb. Sözsüz ki, həkimin verməyə cavabı olmayıb.
Tofiq Yaqublu: “ Mən Qarabağda döyüşəndə, yaralı erməni əsirini yarasını sarımışam, ona su, siqaret, yemək vermişəm. O əsir düşmən də olsa, bir insandır və bunu humanizm naminə etmişəm. İndi mən burada günlərdir dəhşətli ağrılar içindəyəm, həkim isə o qədər laqeyd və məsuliyyətsizdir ki, bilə-bilə gəlib maraqlanmır. Halbuki ağrının ilk günündən səhhətimdəki problemlə bağlı məlumatı varıydı. Mənim kimliyimi qoyuram bir kənara, heç olmasa humanizm naminə gəlib bir maraqlanmır ki, durum necədir.
Üstəlik, mənə qoltuq ağacının yalnız birini veriblər. Ayağımı yerə basa bilmirəm. Tək ağacla da yerimək çətindir. Tibb məntəqəsinə də aparanda yeriyə bilmədiyimi bilə-bilə mənə nə cüt qoltuq ağacı verdilər, nə də ki, təkərli arabayla apardılar. Bildiyiniz tam bir işgəncə. Açıqca görünür ki, mənə qarşı bu davranışın tapşırığı PA-dan gəlib”.
Vəkil isə bildirdi ki, Tofiq Yaqublu görüşə nəzarətçilərin köməyi ilə gəlib. Qoltuq ağacını da yalnız içəridə verirlər. Çölə çıxanda isə nəzarətçilər köməkliyi ilə hərəkət edə bilir.
Dizindəki ağrı dünənkinə nisbətən qismən azalıb. Ancaq hələ də vəziyyəti ağırdır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi,Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman, söhbət burada bir insanın həyatından gedir. Əgər Tofiq Yaqublu təcili müayinə və müalicə olunmazsa, dizindəki problem daha da dərinləşəcək və pis nəticəsi olacaq. Nə qədər ki, gec deyil Tofiq Yaqubluya müayinə və müalicə imkanını təmin edin.

