ABŞ prezidentliyinə namizədlərin ilk debatı keçirildi
Çərşənbə axşamı Ohayo ştatının Klivlend şəhərində prezidentliyə Respublikaçı namizəd və hazırkı Prezident Donld Tramp və prezidentliyə Demokrat namizəd və sabiq Vitse-Prezident Co Bayden arasında debat keçirildi.
.
Case Western Universitetində qarşılaşan namizədlər COVID-19 pandemiyasına qarşı cavab tədbirləri, iqtisadiyyat, iqlim dəyişikliyi və səsvermə prosesi də daxil olmaqla müxtəlif mövzularda qızğın fikir mübadiləsi apardılar.
Debat başlanandan namizədlər dərhal bir-birlərini kəskin tənqid atəşinə tutdular.
Başlıca ixtilaf nöqtəsi ABŞ-da 200,000 adamın ölümü ilə nəticələnmiş koronavirus pandemiyası idi.
“Prezidentin planı yoxdur,” Bayden bildirdi. “O bilirdi ki, bu, ölümcüldür və sizə bu barədə heç nə demədi.”
Bayden Trampın qolf oynamasına eyham vuraraq onu vaxtını pandemiyanın qarşsını almaöa sərf etməyə çağırdı.
İkinci dönəm prezidentlik iddiasında olan Prezident Tramp administrasiyasının səylərini müdafiə etdi.
“Biz əla işləmişik,” deyə o, vaksin əldə edilməsinə bir neçə həftə qaldığını söylədi.
Debatın digər mübahisəli məqamı Prezident Trampın $750 dollar federal vergi verməsi barədə The New York Times qəzetində dərc olunan məqalə oldu.
Prezident Tramp rəqəmin həqiqətə uyğun olmadığını və milyonlarla dollar həcmində vergi verdiyini söylədi.
O, habelə Co Baydenə sabiq Vitse-Prezidentin oğlu Hanterin xaricdə iddia olunan maliyyə sövdələşmələri ilə bağlı suallar ünvanladı.
Bayden ona qarşı yönələn tənqidləri rədd edərək Trampı “yalan” danışmaqda ittiham etdi.
Debat bəzi məqamlarda o dərəcədə intensiv xarakter aldı ki, moderator Kris Vallas səsini bir neçə dəfə ucaltdı və namizədlərə debat normalarına riayət etmək barədə xəbərdarlıq etdi.
Prezident Tramp hakimiyyəti dönəmində pandemiyaya qədərki müddət ərzində iqtisadiyyatın sürətlə çiçəkləndiyinə diqqət çəkdi.
“Son üç il yarım ərzində bu qədər iş görmüş administrasiya və ya president olmayıb – impiçment hoqqasına baxmayaraq,” Tramp söylədi.
Baydenin sözlərinə görə, Trampın hakimiyyəti altında ölkə daha zəif, xəstə, yoxsul və şiddətin artdığı bir duruma düşüb.
Bu, Bayden və Tramp arasında ilk debat idi.
Prezident seçkilərinə beş həftə qaldığı bir vaxt namizədlər üç dəfə üz-üzə görüşməlidir.
Debatı 100 milyona yaxın amerikalının izlədiyi təxmin edilir.
Rəy sorğularına görə, seçicilərin 90% artıq seçim qərarlarını verib və bunu dəyişmək niyyətində deyillər.
Bir çox ştatda artıq erkən seçkilər başlayıb. Milyonlarla insan poct vasitəsi ilə səs verilməsi üçün müraciət edib. Belə ki, bir çoxları pandemiya dövründə üz-üzə toplaşmalardan uzaq durmağa çaılışır.
ABŞ prezidenti Donald Tramp daha əvvəl səsvermə səbəbi ilə seçkilərin təxirə salınmasını təklif etmişdi.Tramp Twitter hesabında yazmışdı ki, “poçtla səsvermə ilə 2020-ci il seçkiləri tarixdə ən qeyri-dəqiq və saxtalaşdırılmış seçki olacaq”.
77 yaşlı Bayden 36 il ABŞ Senatında, 8 il isə vitse-prezident vəzifəsində çalışıb.
74 yaşlı Tramp 4 il prezidentlik müddətini başa vurur və ikinci dönəm prezidentlik uğrunda yarışır.
Rəy sorğularına görə, iqtisadiyyat əsas məsələlərdən biridir.
Ekspertlərin fikrincə, Tramp nəyə görə indi yenidən seçilməli və daha 4 il prezidentliyə layiq olduğunu sübut etmək üçün əsaslı arqumentlərə malik olmalıdır.
.
Amerikanın səsi