İranda nümayişçilərə qarşı zor tətbiqinə Müsavatdan sərt etiraz

Yanvarın 5-də Müsavat Partiyası Divanının 2026-cı ildə ilk iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə keçirilən tədbirlər və iclaslar ilə bağlı məlumat dinlənilib.

Daha sonra ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər geniş müzakirə olunub.

İclasda Venesuelada baş verən hadisələr haqda ətraflı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, legitim olmayan Nikolas Maduro rejimi uzun illər ölkədə korrupsiya və kütləvi repressiyalara rəvac verib, nəticədə xalqın həyat səviyyəsi ciddi şəkildə aşağı düşüb, milyonlarla insan ölkəni tərk edib. Eyni zamanda vurğulanıb ki, BMT-nin sanksiyası olmadan Venesuelada başqa dövlətin hərbi əməliyyat keçirməsi beynəlxalq hüquqa ziddir. Müsavat Partiyası hadisələrin dinc məcrada inkişafına, Venesuelada demokratik seçki yolu ilə legitim hakimiyyətin formalaşmasına şərait yaratmağa çağırır.

İranda sosial tələblərlə etiraz edən nümayişcilərə qarşı rejimin güc tətbiq etməsi pislənilib. Onlarla etirazçının öldürülməsi barədə məlumatların dərin narahatlıq doğurduğu bildirilib. Müsavat Partiyası İranda baş verən hadisələri diqqətlə izləyir, ölkənin gələcəyinin kənardan müdaxilə ilə deyil, yalnız İran vətəndaşlarının, o cümlədən on milyonlarla soydaşımızın maraqları və azad iradəsi zəminində müəyyənləşməsini məqbul hesab edir.

Sonda cari məsələlər müzakirə olunub.