Güney Azərbaycanda keçirilən aksiyalara Müsavatdan dəstək
Arif Hacılı,
Müsavat Partiyası Məclisinin sədri
İranda davam edən etiraz dalğası Güney Azərbaycan şəhərlərinə də çatdı.
Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Həmədan və digər Azərbaycan şəhərlərində sosial və siyasi şüarlarla etiraz aksiyaları keçirilir.
Xoşbəxtlikdən hələlik bu şəhərlərdə yanğınlar, dağıntılar, qətllər barədə məlumatlar yoxdur.
Bu həm də ona görə xoş xəbərdir ki, İranda mövcud olan şərtlər daxilində dinc mübarizə üsulları ilə hədəflərə çatmaq, uğur qazanmaq imkanları daha real görünür.
M. Ə. Rəsulzadə deyirdi ki:
“Yalnız insan haqlarını tanıyan və onları müdafiə edən millətlər qalib gələcəkdir.”
“İnsanlara hürriyyət, millətlərə istiqlal”
Düşünürəm ki, indi İranda mövcud olan şərtlər daxilində bu, ən düzgün konseptual yanaşmadır.
İndi vahid milli iradənin ortaya qoyulması üçün ortaq istinad nöqtələrinin tapılması çox vacibdir.
– Əvvəllər də irəli sürülmüş “Azadlıq, Ədalət, Milli hökymət” şüarı və bu əsasda qəbul edilmiş milli hüquq və azadlıqların təmin edilməsini nəzərdə tutan ümummilli manifest, indi daha çox işlənən ifadə ilə desək yol xəritəsi,
– Abbas Lisani və digər milli fəalların azadlığa buraxılması, mühacir siyasi liderlərin ölkəyə qayıtmasına şərait yaradılması kimi ilkin tələblər ümummilli hərəkatın başlaması üçün istinad nöqtələri ola bilər.
İran çoxmillətli, amma azərbaycanlıların dominant olduğu ölkədir.
Bu ölkədə Güney Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın sayı da milyonlarla ölçülür.
Yalnız Tehran və Kərəc şəhərlərində yaşayan azərbaycanlıların sayı 6 milyondan çoxdur.
Odur ki, İranın taleyi ilk növbədə bu ölkədə yaşayan soydaşlarımızın milli iradəsi, həmçinin Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin maraqları nəzərə alınmadan həll edilə bilməz.
Bu iddia ümummili ideya olaraq süurlarda həkk olunmalı, eyni zamanda yaxın-uzaq hər kəsin diqqətinə çatdırılmalıdır.

