Universitetlər Azarbaycanda keçirilən SAT imtahanının nəticələrinə niyə güvənmir?

Çexiyanın nüfuzlu universitetlərindən sayılan Çarlz Universiteti (Charles University) imtahan yerindən asılı olmayaraq, orta məktəbi Azərbaycanda bitirənlərin SAT (Scholastic Aptitude Test – tələbələrin akademik qabiliyyətlərini ölçülməsi və universitetlərin ərizələri qiymətləndirməsi üçün imtahan – red.) nəticələrini qəbul etməyəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə özəl liseylərdən birində müəllim işləyən Zaur Maarif sosial şəbəkə hesabında yazıb.

Universitetin bununla bağlı açıqlamasını paylaşan müəllim qeyd edib ki, sözügedən qərar yüksək SAT balı ilə universitetə qəbul olan tələbələrin universitet təhsili zamanı nümayiş etdirdikləri real akademik göstəricilər arasındakı uyğunsuzluqla bağlı qəbul edilib: “Çarlz Universiteti rəsmi açıqlama verdi ki, 2026-2027-ci tədris ilində Azərbaycandan olan abituriyentlərin təqdim etdiyi SAT nəticələrini (xüsusilə riyaziyyat üzrə) artıq qəbul etməyəcək. Buna səbəb, tələbələrin daxil olarkən təqdim etdikləri yüksək SAT balları ilə universitet təhsili zamanı nümayiş etdirdikləri real akademik göstəricilər arasındakı ciddi fərq və uyğunsuzluqdur.

Bu qərarda ən böyük dərd və bizi düşündürməli olan məqam isə başqadır: universitetin rəsmi sənədində “aşağı korrelyasiya” (balların etibarsızlığı) səbəbi ilə adı xüsusi olaraq vurğulanan və qadağa qoyulan yeganə ölkə Azərbaycandır”.

Müəllim həmçinin əlavə edib ki, hazırda xarici universitetlərə qəbul və təqaüd şansını artıran AP (Advanced Placement – orta məktəb şagirdlərinə xarici universitetlərdən dərs kreditləri və ya qəbulda üstünlük qazandıran proqram – red.) imtahanlarının da şəffaflığı sual altındadır: “Eyni suallardan ibarət olan imtahan bir həftə fərqlə keçiriləcək. Belə olan təqdirdə sualların əldə edilməsi asanlaşır. İkinci həftə imtahana girib “5” (maksimum bal budur) alan tələbə rahatlıqla qəbul ala biləcək. Ancaq universitetin imtahanında göstərici aşağı olduqda belə bir məlumatı digər universitetlərdən də almağımız qaçılmaz olacaq. Bu isə öz haqqı ilə qəbul olunmuş və təqaüd qazanmış tələbələrin gələcəyinə vurulmuş böyük bir zərbədir…”.

Xaricdə təhsil üzrə ekspert, BEIC şirkətinin rəhbəri Günay Məsimova 1news.az-a açıqlamasında bildirib ki, sözügedən problem birdən-birə yaranmayıb və beynəlxalq təşkilatların və ya universitetlərin son qərarlarının nəticəsi deyil. Bu, illər ərzində formalaşmış və bu gün artıq açıq şəkildə hiss olunan sistemli etimad böhranıdır. “Hazırda bir sıra xarici universitetlər qeyri-rəsmi şəkildə Azərbaycanı SAT nəticələrinin qiymətləndirilməsi zamanı yüksək riskli ölkələr siyahısına daxil ediblər. Rəsmi olaraq elan edilmiş ‘qara siyahı’dan söhbət getmir. Lakin praktikada bir çox ali məktəb ya azərbaycanlı abituriyentlərin SAT nəticələrini əlavə yoxlama olmadan qəbul etmir, ya da təkrar imtahan, daxili test, yaxud “double check” – yəni akademik bacarıqların dərin qiymətləndirilməsini tələb edir. Bəzi hallarda isə imtinanın səbəbi kimi birbaşa ölkə faktoru və təqdim olunan nəticələrə etimadsızlıq göstərilir”, – deyə G.Məsimova bildirib. Ekspertin sözlərinə görə, vəziyyətin əsas səbəbi son bir neçə il ərzində SAT nəticələrinin sistemli şəkildə saxtalaşdırılması və ya süni şəkildə şişirdilməsi ilə məşğul olan ayrı-ayrı özəl strukturların fəaliyyətidir. Özlərini xaricdə təhsil üzrə hazırlıq və məsləhət mərkəzi kimi təqdim edən bu qurumların əsas məqsədi təhsil deyil, kommersiya qazancı olub.

Nəticədə xarici universitetlərə 1500 və daha yüksək SAT balı olan abituriyentlər müraciət edib. Universitetlər bu bal qarşılığında yüksək akademik hazırlıq, analitik düşüncə və ingilis dili səviyyəsi gözləsələr də, praktikada bir çox tələbə hətta baza biliklərini belə nümayiş etdirə bilməyib.

“Bu uyğunsuzluqlar qısa müddətdə üzə çıxdı və nəticədə etimad ayrı-ayrı şəxslərə və ya mərkəzlərə deyil, bütövlükdə ölkəyə qarşı itirildi. Reputasiya itkisi konkret qayda pozanların deyil, bütün azərbaycanlı abituriyentlərin üzərinə düşdü”, – deyə ekspert vurğulayıb.

Məsələ xüsusilə öz gücü ilə hazırlaşan, imtahanı dürüst şəkildə verən və real, obyektiv nəticələr əldə edən abituriyentlər üçün son dərəcə ağrılı və ədalətsizdir. Bu gün məhz bu kateqoriyaya aid olan gənclər formal tələblərə cavab versələr belə, getdikcə daha çox imtina ilə üzləşirlər.

G.Məsimovanın sözlərinə görə, bəzi universitetlər imtina məktublarında açıq şəkildə bildirirlər ki, səbəb abituriyentin şəxsi akademik profili deyil, Azərbaycanın SAT nəticələrinə olan ümumi etimadsızlıqdır.

Məsələn, Mərkəzi Avropanın aparıcı və reytinqli ali məktəblərindən biri olan Charles University (kompüter elmləri fakültəsi) rəsmi qəbul şərtlərində açıq şəkildə qeyd edir ki, Azərbaycanda əldə olunmuş SAT nəticələri nəzərə alınmır. Bu tələblərdə Azərbaycan faktiki olaraq SAT üzrə standart seçimdən kənarda saxlanılan yeganə ölkə kimi göstərilir.

“Vəziyyəti bu həddə çatdıran şəxslər və təşkilatların əksəriyyəti əslində təhsillə birbaşa bağlı deyillər. Onlar sosial şəbəkələrdə kütləvi ‘uğur hekayələri’ və guya zəmanətli qəbul görüntüsü yaradaraq valideyn və abituriyentlərdə reallıqdan uzaq gözləntilər formalaşdırırlar. ‘Ağlasığmaz’ balların reklamı nəticəsində isə real və dürüst nəticə göstərən tələbələr kölgədə qalır və haqlı olduqları imkanları itirirlər”, – deyə ekspert əlavə edib.