DTX Ramiz Mehdiyev işi ilə bağlı səs yazıları paylaşdı
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 12-də dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirildiyini bildirib.
Açıqlamaya görə, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, baş nazirin keçmiş müavini Abbas Abbasov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə şübhələr yaranıb.
Ramiz Mehdiyev DTX-nın yaydığı videoda səs yazısının ona məxsus olduğunu təkzib etməyib.
Fuad Qəhrəmanlı DTX-nın açıqlamasında əks olunan ifadənin ondan zorlama təhdidi altında alındığını qeyd edib: “DTX tərəfindən yayılan videoda mənimlə bağlı da kadr var. Xatırladım ki, 2019- cu ildə həbs olunarkən ağır işgəncələrə məruz qalmışdım… Qarşıma iri hərflərlə yazılı kağız tutub onları oxumağımı istədilər, əks təqdirdə qapının yanında durmuş və cinsiyyət orqanınını çıxarıb göstərən iki idmançı cüssəli səxs tərəfindən zorlanacağımı bildirdilər. Sonra iri kağızda yazılan mətni bur nəfər kənarda tutub oxumagımı istədilər. Mən də zorlanma təhdidi altında və vurulan iynələrin təsiri ilə o zaman məzmununu anlamadığım və məzmununu sonradan xatırlamadıgım mətni oxudum”.
Qənimət Zayidov isə DTX-nın yaydığı məlumatı “xaricdəki bloqerlərin, xüsusilə də Mehman Hüseynovun yaratdığı gündəmi dəyişmək və arxa plana atmaq üçün tərtib edilmiş hekayə” adlandırıb: “Azərbaycan rejiminin xüsusi xidmət orqanları ən düşük ssenarilər üzrə ixtisaslaşdırılmaqda davam edir.
İndi də köhnə hekayətlərin təzə modifikasiyalarını yaratmağa həvəs göstəriblər. Hansısa «xarici xüsusi xidmət orqanları ilə dövlət çevrilişi planları haqqında» guya hansısa məşvərətlər barədə «şok» faktlar üzə çıxarıblar. Montaj- kollaj ustası olan bu köhnə dəstə öz iyrənc rejimini dartıb uzatmaq üçün dəridən- qabıqdan çıxır. Başlıcası isə onlara xaricdəki bloqerlərin, xüsusilə də Mehman Hüseynovun yaratdığı gündəmi dəyişmək və arxa plana atmaq üçün hansısa hekayələr tərtib etmək lazımdır.
Amma onların bu nağıllarına inanan da elə onların ağlında olan şəxslər ola bilərlər. Daha geniş açıqlamalar isə olacaq”.

