12 il həbs cəzası alan Azər Qasımlı: ‘Yeganə zərərçəkmiş mənəm’

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlıya 12 il həbs cəzası kəsilib. Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Hüseynovun sədrlik etdiyi hakimlər onun haqqında belə hökm çıxarıb.

Hökmə əsasən, A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələbetmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə təqsirli bilinib. İddia olunur ki, politoloq Qurbanəli Yusibov adlı şəxsi oğlunu qaçırmaq, atasını öldürmək ilə hədələyib, ondan pul tələb edib.

“Həm azadlığımı, həm də əmlakımı əlimdən alıblar”

A.Qasımlı isə hökmdən öncə son sözündə bu ittihamın yalan olduğunu və siyasi sifarişlə şərlənərək həbs edildiyini deyib. O vurğulayıb ki, nəinki cinayətkar deyil, heç cinayətə yaxın əməli də olmayıb.

“Məhkəmə istintaqı da bunu göstərdi. İttihamı sübut edəcək nə bir şahid, nə də başqa bir dəlil var. İttiham boş söz yığını, yalanlardan ibarətdir. Bu işdə yeganə zərərçəkmiş tərəf mənəm. Həm azadlığımı, həm də əmlakımı əlimdən alıblar. Hər kəs bilir ki, mənim həbsim siyasi sifariş əsasında baş verib”, – A.Qasımlı son sözündə belə deyib.

***

Martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalif siyasətçi Azər Qasımlının işi üzrə məhkəmə davam etdi.

Vəkil Rövşanə Rəhimli öz çıxışı ilə faktiki olaraq istintaqı darmadağın etdi. Faktlarla isbatladı ki, Azər Qasımlıya qarşı irəli sürülən ittihamı təsdiq edən bir dənə də sübut yoxdur.

Onun sözlərindən məlum oldu ki, məhkəmənin zərərçəkən kimi tanıdığı Qurbanəli Yusifov Azər Qasımlıya olan borcu qaytarmamaq üçün, onun müxalifətçi mövqeyini qabardaraq guya təhdidlə üzləşdiyi barədə DİN-ə şikayət edib. Hakimiyyət isə sərt tənqidçisi Azər Qasımlını susdurmaq üçün bu şikayətdən istifadə edib.

Məhkəmədə maraqlı replikalar oldu.

Vəkil Aqil Layıc “Yalançının yaddaşı olmaz” misalını xatırladaraq vurğuladı ki, “zərərçəkən” eyni epizod üzrə bir birinə zidd olan üç müxtəlif ifadə verib. Yusifov ilkin şikayətində telefonla təhdid edildiyini yazıb, amma “həmin vaxt harda idin” sualına, üç fərqli cavab verib – əvvəl deyib Antalyada idim, sonra “İstanbulda”, sonda isə “Bakıda” cavablarını verib.

Qurbanəli Yusifov söylədi ki, Azər Qasımlı “düşdüyü zərərin geri qaytarılmasına razı olsaydı və məbləğ şişirtməsəydi, iş bu yerə çatmazdı”.

Azər Qasımlı isə öz replika hüququndan istifadə edərək , Yusifova sual verdi: “Hər dəfə deyirsən ki, borcun 45 min yox, 20 min dollar olub. Yaxşı, bu 20 mini niyə qaytarmadın, yaxud nə vaxt qaytaracaqsan?”

Bu gün Azər Qasımlının son söz deyəcəyi gözlənilirdi. Lakin hakim məhkəməni bir həftə təxirə saldı. Növbəti iclas 11 mart saat 16:00-da olacaq. Həmin gün hökm oxunacağı istisna deyil.

*Politoloq Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, ittihamı qurama, siyasi sayır.