Tofiq Yaqublu 23 gündür aclıq edir

Nigar Həzi

Bu gün Tofiq Yaqublu 23 gündür ki, aclıq edir.

Təəssüf ki, onu bu addımı atmağa ölkədə Əliyev rejiminin yaratdığı hüquqsuzluq, ədalətsizlik, qanunsuzluq vadar edib. Empatiya duyğusundan məhrum olanlar haqsız yerə həbs olunmağın, illərlə günahsız yerə dəmir barmaqlıqlar arasında olmağın, ailədən, doğmalardan uzaq olmağın nə demək olduğunu bilmirlər.

Bu gün vəkil Nemat Kerimli Tofiq Yaqublu ilə görüşüb. Onun xeyli halsız olduğunu, səsinin bir az da zəiflədiyini, rənginin boğunuq olduğunu bildirdi. Tofiq Yaqublunun öd kisəsi olmadığı üçün ağzındakı kəskin acılıq onun normal su içməsini əngəlləyir. İçdiyi su belə zəhərə dönüb desək daha doğru olar.
Vəkil bildirdi ki, T.Yaqublunun yanına psixoloq gəlib və ona bəzi suallar verib. O da cavab olaraq bildirib ki, psixoloq mənə yox, sizə lazımdır…

 

***

Bu gün ata ilə görüş günümüz idi. Dəhşətli dərəcədə gərgin və stressli görüş keçdi. Artıq 8 gündür ki, aclıq edir. Düzü bu gün aclığı dayandıra biləcəyimə çox ümid edirdim deyə, atanın aclıq aksiyasıyla bağlı çox şey yazmırdım. Çünki ilk dəfə idi atanın aclıq aksiyasına qarşı idim. Düşünürdüm ki, karserə salınmasına əsəbləşib və o əsəbdən doğan qərardır. Ancaq bu dəfə də yenə qərarı qətidir.

Ata 8 gündə xeyli arıqlayıb. Gözləri çuxura düşüb. Görünən odur ki, bu dəfə çəki itkisi çox sürətlə gedəcək və orqanizmi tab gətirməyəcək.

Görüş şüşə arxasında keçdi. Atayla danışanda məlum oldu ki, kameraya rəis müavinləri və müəssisə işçiləri daxil olaraq müstəsna ədəbsizlik ediblər. Düşünürəm ki, bu cür davranışın bir səbəbi olar. O da yuxaırdakıların gözündə yaxşı itaətkar, əmr qulu kimi görünmək və yaxın perspektivdə vəzifə yüksəlişinə nail olmaq. Kameraya daxil olanlar kameradan “qanunsuz” əşya olaraq qazan, dabankeş, ayaqqabı təmizləmək üçün süngər, su qızdırıcı, elektrik çaydanı və bəzi əşyalar götürüblər. Rəis müavinlərindən biri isə kamerada kobudcasına çığır- bağır salaraq yüksək səslə ataya deyib ki, “Nə? Siz mane olursuz axtarışa? Rəisin yanına getmək istəyirsiz? Qolunu qandallayın, rəisin yanına aparın!” Bundan sonra isə onu kameradan çıxarıblar.

İlk dəfə idi ki, ataya aclığı dayandırması üçün israr edirdim. Bu qədər etirazlarıma baxmayaraq o, aclığı dayandırmamaqda qətidir.

Tofiq Yaqublu: “Mən bilirəm ki, bu həbsin sonu yoxdur. Bu dəfə məni karserə saldılar, gələn dəfə gəlib deyəcəklər ki, sənə qarşı yeni cinayət işi açırıq, daha sonra deyəcəklər ki, zona göndəririk, sonra yenə karserə salacaqlar və sonda məni Navalnı kimi öldürəcəklər. Xatırlayırsansa, Navalnını da karserə salıb zəhərləmişdilər. Bilirəm ki, bu rejim məni öldürəcək. Elə isə ölümü mən özüm seçirəm”.

P.S Tofiq Yaqublu bütün dostlara salam söylədi. Ona dəstək olan hər kəsə minnətdarlığını bildirdi.