MSDM Qarabağ məsələsində “qırmızı xətt” olan məsələləri açıqladı

Milli Strateji Düşüncə Mərkəzinin
Ermənistan–Azərbaycan münaqişəsinin nizamlanma prinsiplərinə dair Bəyannaməsi

 

Azərbaycan xalqının Ermənistanın silahlı təcavüzünü dəf etmək və işğal altında olan torpaqlarımızı azad etmək üçün apardığı Vətən Müharibəsinin əldə olunan nəticələrini yüksək qiymətləndirərək, münaqişə ətrafında 26 ildir davam edən status- kvonun əhəmiyyətli şəkildə dəyişdiyini nəzərə alaraq aşağıdakı məsələlər barədə mövqeyimizi bəyan edirik:

 

1. Ermənistanla sülh danışıqlarımız birbaşa və vasitəçilərsiz aparılmalı, danışıqların predmeti konkret olmalıdır. Bu ilk növbədə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhəddinə dair sazışin imzalanması ola bilər.

 

2. Azərbaycan ərazisində hər hansı formada yeni bir dövlətin yaranması, bununla əlaqədar Azərbaycan Konstitusiyasına zidd şəkildə referendum keçirilməsi yolverilməzdir.

 

3. “Dağlıq Qarabağın statusu” adlandırılan məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü daxilində bütün Azərbaycan xalqının ümümxalq səsvermədə ifadə etdiyi rəylə müəyyən edilə bilər.

 

4. Azərbaycanda yaşayan erməni mənşəli vətəndaşların statusu Ermənistan Respublikasının 8 min kvadrat km. ərazisini əhatə edən 172 yaşayış məntəqəsindən 1988-ci ilin son iki ayında zorla çıxarılan azərbaycanlı əhalinin öz yurdlarına qaytarılması, onların təhlükəsizliyinin təminatı və statusu ilə eyni vaxtda simmetrik qaydada həll olunmalıdır.

 

5. Münaqişənin həllinə cəlb olunmuş Minsk Qrupunun və həmsədr dövlətlərin (Rusiya, Fransa, ABŞ) 28 illik fəaliyyətləri səmərəsiz qaldığına görə mövcud format dəyişdirilməli və Türkiyənin nizamlanma prosesində aktiv iştirakı təmin edilməlidir.

 

6. Rusiya Federasiyasının hərbi birləşmələrinin bölgəyə istənilən ad altında daxil olması Azərbaycanın suverenliyinə ciddi təhdid olduğu üçün yolverilməzdir.

 

7. Təcavüz, işğal və bütövlükdə münaqişə dövründə Azərbaycana dəymiş maddi zərərin ödənilməsi məsələsi sülh müqaviləsində həllini tapmalı və onun ödənilməsinə müvafiq beynəlxalq təminatlar verilməlidir.