Erməni işğalçıları pusquya salınıb məhv edildi: Düşmən qaçır – RƏSMİ

Əldə olunan məlumata əsasən, gecə boyu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.

Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin üç ədəd BM-21 “Qrad” YARS, bir ədəd “Tor-M2KM” ZRK, bir ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, iki ədəd PDM-2, üç ədəd 2А36 “Qiasint-B” topu, bir ədəd KS-19 zenit topu, bir ədəd D-20 haubitsa topu, üç ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.