Erməni general Azərbaycanın 62 PUA-sının vurulması xəbərinin yalan olduğunu açıqladı

Movses Akopyan: “44 gün yalan danışdıqları kimi, bu gün də yalan danışırlar, əgər bu 62 PUA vurulubsa, onlar hara düşüb?”

 

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan baş nazir Nikol Paşinyanın administrasiyasının müharibə dönəmində açıqladığı yalanların ifşasını davam etdirir.

 

Armnyus-a müsahibəsində o, bundan əvvəl keçirdiyi mətbuat konfransında söylədiyi fikirlərə görə təzyiqlə üzləşdiyini, əsassız olaraq dövlət sirrini yaymaqda ittiham olunduğunu bildirib: “Əgər bizim hərbi sistemimiz barədə məlumatlar 887-ci türk briqadasının kəşfiyyat komandirinin telefonunda da varsa,  bunun harası dövlət sirri oldu? Bunu öz xalqımızdan gizli saxlayırsınız?”

 

Qeyd edək ki, Akopyan keçirdiyi mətbuat konfransında Azərbaycanla 44 günlük müharibə ərzində Rusiyanın Ermənistana hər gün silah sursat göndərdiyini, lakin hərbi-siyasi rəhbərliyinin “yarıtmazlığı” sayəsində müharibəni uduzduqlarını açıqlamışdı. Akopyan, dövlət sirrini yaydığı üçün məsuliyyət daşımağa, xalqın bu həqiqətləri bilməsi üçün həbsdə yatmağa hazır olduğunu bildirib.

 

Akopyan Rusiyadan alınan SU-30 qırıcılarının yararsız olduğunu bir daha təkrarlayıb, müharibə dövründə Azərbaycana məxsus 62 ədəd Pilotsuz Uçan Aparatların (PUA) vurulması barədə xəbərlərin yalan olduğunu açıqlayıb.

 

“44 gün yalan danışdıqları kimi, bu gün də yalan danışırlar. Bəli, mən sual verirəm, əgər SU-30 qırıcıları yararsız deyilsə, onlar niyə uçmadılar? Bu 62 ədəd PUA vurulubsa, bunu necə hesablayıblar. Əgər vurulubsa, niyə deyirlər ki, hava məkanı qorunmurdu? Onları dəqiq kim vurdu və bu PUA-lar hara düşdü? İndi deyəcəklər – Azərbaycana təhvil verdiyimiz  ərazilərdədir”.

 

Bundan əvvəl də Ermənistan mediasında “vurulan” PUA-ların heç birinin ermənilərin nəzarəti altında olan ərazilərə düşmədiyi haqda xəbər dərc edilmişdi.

 

Basta