Azərbaycanda bir gündə 29 nəfər koronavirusdan öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 92281 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 64475 nəfər müalicə olunaraq sağalıb, 1160 nəfər vəfat edib, aktiv xəstə sayı 29646 nəfərdir.

 

Ölkədə son sutka ərzində 9784, hazırkı dövrədək isə 1617239 test aparılıb.

 

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib ki,qapalı məkanlarda virusun yayılması üçün daha çox şərait var.

 

“Ancaq biz onu müşahidə edirik ki, qapalı məkanlarda qoruyucu tədbirlərə riayət etmək bir o qədər də kütləvi xarakter daşımır. İnsanlar onlara dəfələrlə deyilən sadə qaydalara riayət etməlidirlər. Bu, qapalı məkanlarda xüsusilə olmalıdır. Çünki hazırda hava soyuduğundan biz otaqları qızdırıcı sistemlərlə isidirik və havalandırmırıq. Əgər hava dəyişdirilmirsə, təmaslar yaxın olursa, belə şəraitdə yoluxma ehtimalı daha çox olur.”

 

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 28-dək davam edəcək.

 

Noyabrın 19-da Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq karantin rejimini daha da sərtləşdirib.

 

Nazirlər Kabinetinin qərarına əsasən dekabrın 28-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb, məktəblərdə tədris onlayn qaydada həyata keçirilir. Yoluxma riski yüksək olan bir sıra yaşayış məntəqlərinə giriş-çıxış qadağan edilib.

 

Dekabrın 28-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

 

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

 

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilib.