Ordumuz Kəlbəcərə iki istiqamətdən daxil olub – RƏSMİ

“Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri bu gün – 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olurlar. Bu tarix əvvəl 15 noyabr göstərilmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Bu gün – 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olublar”.

Bunları Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xdmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

 

“Bildirim ki, Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olublar”, – o qeyd edib.

 

“Texnikalar Göygöl rayonunun Toğana kəndi və Daşkəsən rayonundan Kəlbəcər rayonuna hərəkət edəcək. Bölmələrimizin hərəkəti davam edir. Müəyyən olunmuş marşrutlar üzrə müəyyən olunmuş məntəqələrə Azərbaycan ordusu çıxacaq və rayonu tam olaraq nəzarətə götürəcək”.

 

“Noyabrın 25-i, gecə saatlarından mühəndis işləri görülüb. Ərazilər, çətin keçilən dağ yolları minalardan təmizlənib və döyüş, avtomobil texnikalarının və şəxsi heyətin Kəlbəcər istiqamətinə keçidi üçün hər cür rahat şərait yaradılıb.

 

Kəlbəcərin ərazisi dağlıq ərazidir, hündürlük ərazidir və hündürlük, demək olar ki, 3500 metrdən artıqdır. Bu ağır şəraitdə Azərbaycan ordusunun bölmələri bu əraziyə daxil olaraq, Kəlbəcər ərazisini nəzarətə götürəcək. İlk olaraq bölmələrimiz Azərbaycan-Ermənistan dövlət sərhədinə çıxacaq və yüksəkliklərdəki mövqelər tutulacaq.

 

Digər istiqamət isə üçtərəfli bəyanatla müəyyən olunmuş ərazi olacaq ki, bu haqda da sonradan məlumat veriləcək”, – deyə MN rəsmisi qeyd edib.